Ukraynalı uşaqlar Qəbələ, Şamaxı və Şəkiyə ekskursiyaya yollanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 30 ukraynalı uşaq üçün Qəbələ, Şamaxı və Şəkiyə ekskursiya təşkil edib.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi Ukraynadan gətirilmiş daha 30 uşaq üçün reabilitasiya tədbirlərini davam etdirir.
Uşaqlar üçün reabilitasiya proqramı çərçivəsində Qəbələ, Şamaxı və Şəkiyə ekskursiya təşkil edilib.
Nazirlikdən bildirildiyi kimi, səfər zamanı uşaqlar Qəbələdə Tufandağ rekreasiya kompleksini və Gabaland əyləncə mərkəzini, Şamaxıda alpaka fermasını, Şəkidə isə Xan sarayını ziyarət ediblər. Onlar Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə tanış olublar.
Bundan başqa, uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı filialı olan "DOST Evi"ndə olub, müxtəlif master-klaslarda iştirak ediblər.
Qeyd edilir ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətinin sabitləşdirilməsinə, həmçinin onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə yönəlib.
Mənbə: apa.az





