Hicab məsələsi: söhbət yalnız geyimdən yox, uşağın təhsil hüququndan gedir
"Gənc Novatorlar, Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Xumar İsmailova hicabla bağlı son müzakirələrə münasibət bildirib. F4media.az-a verdiyi məlumata görə, o hesab edir ki, məsələyə yalnız dini və ya geyim mövzusu kimi baxmaq düzgün deyil.

"Gənc Novatorlar, Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Xumar İsmailova hicabla bağlı son müzakirələrə münasibət bildirib. F4media.az-a verdiyi məlumata görə, o hesab edir ki, məsələyə yalnız dini və ya geyim mövzusu kimi baxmaq düzgün deyil.
X.İsmailovanın sözlərinə görə, burada əsas məsələ uşağın seçim və təhsil hüququdur: "Bu gün hicabla bağlı yaranan müzakirələrə yalnız dini və ya geyim məsələsi kimi yanaşmaq doğru deyil. Burada daha vacib bir məsələ var: uşağın seçim və təhsil hüququ."
O xatırladıb ki, Azərbaycan Konstitusiyasının 42-ci maddəsinin I hissəsində hər bir vətəndaşın təhsil almaq hüququnun olduğu açıq şəkildə qeyd olunur. Konstitusiya 12 noyabr 1995-ci ildə referendumla qəbul edilib, 27 noyabr 1995-ci ildə qüvvəyə minib.
İctimai Birliyin rəhbəri bildirib ki, "Ümumi təhsil haqqında" Qanunun 5.2-ci maddəsi də dövlətin vətəndaşlara dinindən asılı olmayaraq ümumi təhsil almaq imkanı yaratmasını və ayrı-seçkiliyə yol verilməməsini nəzərdə tutur.
X.İsmailova onu da qeyd edib ki, 2011-ci ildə Prezident İlham Əliyev hicabla bağlı suala cavab verərkən Azərbaycanda hicaba qadağa və məhdudiyyət olmadığını, hər kəsin istədiyi tərzdə geyinmək hüququna malik olduğunu bildirmişdi.
Məsələnin yeni qaydalar fonunda yenidən gündəmə gəldiyini deyən X.İsmailova xatırladıb ki, 7 iyul 2026-cı ildə imzalanmış dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin müəyyən edilmiş geyim tələblərinə riayət etməsi qanunvericilikdə əksini tapıb. Onun sözlərinə görə, qanunda "hicab" sözü ayrıca qadağan olunmur.
Öz mövqeyini bildirən İctimai Birliyin icraçı direktoru vurğulayıb: "Mənim fikrimcə, əgər qayda varsa, həmin qayda hamı üçün eyni şəkildə tətbiq olunmalıdır. Amma heç bir halda uşaq hicaba görə təhsildən kənarda qalmamalıdır."
O əlavə edib ki, valideyn hicaba görə övladını dövlət məktəbinə göndərmək istəmirsə, burada da əsas məsələ uşağın təhsil hüququnun qorunmasıdır: "Dövlət uşağın təhsildən kənarda qalmaması üçün qanuni və əlçatan alternativ təhsil imkanlarını təmin etməlidir."
X.İsmailovanın fikrincə, iki fundamental hüquq bir-biri ilə toqquşmamalıdır: "Nə uşağa dini seçim məcbur edilməlidir, nə də onun təhsil almaq hüququ əlindən alınmalıdır. Uşağın həm seçim, həm də təhsil hüququ qorunmalıdır. Bu məsələyə emosiyalarla deyil, məhz uşağın mənafeyi və hüquqları üzərindən yanaşmaq lazımdır."





