Robert Köçəryan və oğulları Antikorrupsiya Komitəsinə aparılıb

Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryan və övladları Antikorrupsiya Komitəsinə aparılıblar. Məlumata görə, sabiq prezidentlə yanaşı, böyük oğlu Sedrak Köçəryan və digər oğlu Levon Köçəryan da hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Günün ilk saatlarından etibarən hüquq-mühafizə əməkdaşları Köçəryanlar ailəsinə ait müxtəlif ünvanlarda reydlər keçirir. Robert Köçəryanın şəxsi evi və Levon Köçəryanın yaşadığı mənzildə əməliyyat-istintaq tədbirləri icra olunub. Ailə ilə əlaqələndirilən “Toyota Armenia” mərkəzində və “Orange Premium Fitness Club”da axtarış aparılaraq hər iki obyekt fəaliyyətini dayandırıb və möhürlənib. Antikorrupsiya Komitəsindən bildirilib ki, qeyd olunan tədbirlər korrupsiya halları üzrə aparılan genişmiqyaslı istintaq çərçivəsində reallaşdırılır.




