Dünyanın ilk jurnalist-kosmonavtı Toyohiro Akiyama Yaponiyada vəfat edib
1990-cı ildə "Mir" orbital stansiyasına uçuş həyata keçirən Toyohiro Akiyama vəfat edib. Bu barədə məlumatı Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio verib.

Yaponiyada 86 yaşında Toyohiro Akiyama vəfat edib. O, kosmosa uçan ilk Yaponiya vətəndaşı və orbitdə olmuş dünyada ilk peşəkar jurnalist idi. Akiyamanın vəfatı ilə bağlı məlumatı onun TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio təsdiqləyib.
Akiyamanın kosmik missiyası 1990-cı ildə baş tutub. O zaman o, ilk sovet-yapon kosmik uçuşunun təşəbbüskarı olan TBS telekanalında jurnalist kimi çalışırdı. Bu ekspedisiya çərçivəsində Akiyama sovet "Mir" orbital stansiyasının ekipaj heyətinə daxil olub.
Orbitdə olduğu müddətdə Akiyama televiziya tamaşaçıları üçün birbaşa reportajlar aparıb, həmçinin məktəblilər üçün distant dərslər keçib.
Mənbə: news.milli.az





