Antarktida planetin orta göstəricisindən dörd dəfə sürətli isinir: alimlər üç fərqli proses aşkarlayıb
İki onillikdən çox müddətə səkkiz monitorinq stansiyasının məlumatlarının təhlili göstərib ki, Antarktida bir vahid iqlim sistemi deyil, istiliyə müxtəlif reaksiya verən üç ayrı zonadan ibarətdir. Tədqiqatı Helsinki Universitetindən Samuel De Sun Chua aparıb.

Antarktida planetin orta temperatur göstəricisindən təxminən dörd dəfə sürətli isinir. Yeni elmi araşdırma göstərib ki, bu regionda iqlim dəyişikliyi atmosferdə eyni vaxtda baş verən, lakin bir-birindən fərqlənən ən azı üç proseslə müşayiət olunur.
F4Media.az xəbər verir ki, Helsinki Universitetindən Samuel De Sun Chuanın rəhbərlik etdiyi tədqiqatçılar Antarktida atmosferində aerozol hissəciklərinin yayılmasını araşdırıblar.
Tədqiqat necə aparılıb?
Araşdırma çərçivəsində 2003–2024-cü illərdə Antarktidanın müxtəlif ərazilərində yerləşən səkkiz stansiyada aparılmış aerozol ölçmələrinin məlumatlarından istifadə olunub. Əldə edilən nəticələr peyk müşahidələri ilə müqayisə edilib və süni intellekt vasitəsilə xəritələşdirilib.
Təhlillər nəticəsində Antarktida atmosfer xüsusiyyətlərinə görə üç fərqli zonaya ayrılıb. Məlum olub ki, temperatur artımı bu zonalarda aerozol hissəciklərinin yaranmasına və yayılmasına müxtəlif cür təsir göstərir. Bəzi ərazilərdə istiləşmə hissəciklərin sayını artıraraq buludların formalaşmasını sürətləndirə bilər. Digər zonalarda isə əks proses müşahidə oluna bilər.
Üçüncü zonada aerozol hissəciklərinin miqdarı təkcə yerli şəraitdən deyil, həm də minlərlə kilometr uzaqlıqda yerləşən sənaye müəssisələrinin və meşələrin atmosferə təsirindən asılıdır.
Aerozol hissəcikləri iqlimə necə təsir edir?
Aerozollar buludların yaranmasında mühüm rol oynayır. Bu kiçik hissəciklər kondensasiya nüvələri (CCN) adlanır və su buxarının onların üzərində toplanaraq su damcılarına çevrilməsinə şərait yaradır.
CCN hissəciklərinin sayı çox olduqda buludlarda daha çox, lakin daha kiçik ölçülü damcılar formalaşır. Belə buludlar günəş şüalarını daha yaxşı əks etdirə bilir. Bu isə Yer səthinə çatan günəş enerjisinin miqdarına və nəticədə enerji balansına təsir göstərir.
Antarktidada aerozol hissəciklərinin konsentrasiyası digər regionlarla müqayisədə olduqca aşağı ola bilər. Buna görə də onların sayındakı kiçik dəyişikliklər belə buludların xüsusiyyətlərinə və regionun enerji balansına ciddi təsir göstərə bilər.
Aerozolların yaranma mənbələri
Tədqiqatda aerozol hissəciklərinin əsas yaranma mexanizmlərindən biri olan yeni hissəciklərin formalaşmasına da diqqət yetirilib. Bu proses qaz halında olan maddələrin atmosferdə kimyəvi reaksiyaları nəticəsində yeni aerozol hissəciklərinin yaranması ilə baş verir.
Belə maddələrin mənbələrinə dəniz buzunun əriməsi zamanı ayrılan halogen birləşmələri, bioloji fəaliyyət nəticəsində yaranan kükürd birləşmələri və üzvi maddələrin oksidləşmə məhsulları daxildir.
Prosesin intensivliyi temperatur, günəş işığı, rütubət və qaz prekursorlarının atmosferdəki miqdarından asılıdır. Bu amillər Antarktidanın müxtəlif ərazilərində fərqli olduğundan aerozol yaranmasının xüsusiyyətləri də zonalar üzrə dəyişir.
Alimlər qeyd edirlər ki, əvvəlki araşdırmalar əsasən müşahidə stansiyalarının qeyri-bərabər yerləşməsi və qısa müddətli ölçmələr səbəbindən bu fərqləri tam əhatə edə bilməyib.
Yeni tədqiqat Antarktida atmosferində baş verən proseslərin daha dəqiq öyrənilməsi və iqlim dəyişikliyinin regiona təsirlərinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Mənbə: azertag.az





