MDU-nun rektoru yüksək balla qəbul olan tələbə ilə görüşüb
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov yüksək nəticə göstərən tələbə və onun valideynləri ilə görüşərək tədris prosesi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıb.

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2026/2027-ci tədris ili üzrə qəbul imtahanlarında 626 bal toplayaraq Riyaziyyat müəllimliyi ixtisasına qəbul olunan İsmayılova Aysu İbrahim qızını və onun valideynlərini qəbul edib.
Görüş zamanı rektor Aysu İsmayılovanı əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib. Anar Eminov qeyd edib ki, bu göstərici tələbənin bilik və potensialının təzahürü olmaqla yanaşı, onun gələcək universitet həyatı üçün də uğurlu bir başlanğıcdır.
Rektor müəllimlik ixtisasının seçilməsini yüksək qiymətləndirərək, gələcəkdə peşəsinə bağlı, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərin inkişafına töhfə verən nümunəvi bir pedaqoq kimi formalaşmağın vacibliyini vurğulayıb.
Görüşdə universitetdə tələbələrin akademik biliklərlə yanaşı, sosial, elmi, mədəni və ictimai fəaliyyətlərdə aktiv iştirakı üçün yaradılan imkanlar müzakirə olunub. Rektor tələbəni bu imkanlardan maksimum dərəcədə yararlanmağa və universitet həyatında fəal olmağa dəvət edib.
Öz növbəsində, Aysu İsmayılova göstərilən diqqətə görə təşəkkürünü bildirərək, MDU-da təhsil alacağı müddətdə yüksək nəticələr göstərmək və ictimai həyatda fəal iştirak etmək əzmində olduğunu ifadə edib. Tələbənin valideynləri də övladlarının uğurundan məmnunluqlarını dilə gətirərək, universitet rəhbərliyinə göstərilən səmimi münasibətə görə təşəkkür ediblər.





