17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Dünya

Turkish Airlines 150 Boeing təyyarəsinin alınması barədə saziş imzaladı

Turkish Airlines Boeing ilə 150-yə qədər 737 MAX təyyarəsinin tədarükü barədə saziş imzalayıb. İmzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib.

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
Turkish Airlines və Boeing 737 MAX təyyarəsi
Dünya — F4Media

Turkish Airlines aviasiya nəhəngi Boeing ilə 150-yə qədər Boeing 737 MAX sərnişin təyyarəsinin tədarükünü nəzərdə tutan saziş imzalayıb.

Sazişə əsasən, aviaşirkət 100 ədəd Boeing 737-8 təyyarəsini qəti sifariş edib, daha 50 təyyarə isə opsion olaraq nəzərdə tutulub. Sazişin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.

Bu sifariş Turkish Airlines-ın Boeing-dən indiyədək rəsmiləşdirdiyi dar gövdəli təyyarələr üzrə ən böyük birdəfəlik sifariş hesab olunur. Şirkətlər arasında yeni təyyarələrin tədarükü ilə bağlı danışıqlar ötən ildən davam edirdi.

Yeni təyyarələrin Turkish Airlines-ın qısa və orta məsafəli uçuş şəbəkəsinin genişləndirilməsinə və donanmanın yenilənməsi planlarına töhfə verməsi gözlənilir. Saziş çərçivəsində şirkətə 737 MAX ailəsinin ən böyük modeli olan Boeing 737-10-a keçid imkanı da verilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sazişin imzalandığı vaxt BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-da olub.

Turkish Airlines Direktorlar Şurasının sədri və İcraiyyə Komitəsinin rəhbəri Prof. Dr. Murat Şeker sazişi aviaşirkətin donanmasının genişləndirilməsi strategiyasında mühüm addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, yeni Boeing 737 MAX təyyarələri İstanbul mərkəzli geniş uçuş şəbəkəsinin inkişafına xidmət etməklə yanaşı, əməliyyat səmərəliliyinin və çevikliyinin artırılmasına imkan verəcək.

Boeing Commercial Airplanes şirkətinin prezidenti və baş direktoru Stefani Pope isə sazişin iki şirkət arasında uzunillik əməkdaşlığın davamı olduğunu bildirib. O, Boeing-in Turkish Airlines və Türkiyənin aviasiya ekosistemini dəstəkləməyə davam edəcəyini qeyd edib.

Boeing 737-8 təyyarələrinin Turkish Airlines üçün uçuş məsafəsi və yükdaşıma imkanları baxımından üstünlüklər yaratması, eyni zamanda yanacaq sərfiyyatının və emissiyaların azaldılmasına imkan verməsi gözlənilir.

Şirkətin məlumatına görə, 737 MAX ailəsinin təyyarələri əvvəlki nəsil modellərlə müqayisədə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və emissiya göstəricisi təqdim edir.

Hazırda Turkish Airlines və AJet-in donanmasında 737 MAX, 737 Next-Generation, 787 Dreamliner, 777 və 777 Freighter modelləri də daxil olmaqla 200-dən çox Boeing təyyarəsi mövcuddur.

Yeni sifariş Turkish Airlines-ın 2025-ci ildə Boeing-dən 75 ədəd 787 Dreamliner təyyarəsi üçün rəsmiləşdirdiyi sifarişdən sonra həyata keçirilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax