Baş Dövlət Yol Polisi yük avtomobili sürücülərinə xəbərdarlıq etdi
Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xatırladıb.

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə yollarda təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı müraciət edib.
Müraciətə son vaxtlar yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması səbəb olub. Qeyd edilir ki, bu qəzalarda nəqliyyat vasitələrinin ölçüsü və çəkisi səbəbindən xəsarət və digər ağır nəticələrin başvermə riski daha yüksəkdir.
Baş Dövlət Yol Polisi İdarəsi belə hadisələrin qarşısının alınması məqsədilə yük avtomobili sürücülərinə bir sıra vacib qaydaları xatırladıb.
Sürücülərdən:
– müəyyən edilmiş sürət həddinə əməl etmək;
– qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq;
– ötmə və manevr qaydalarına riayət etmək;
– daşınan yükün çəki və qabarit göstəricilərinin normativ tələblərə uyğunluğunu təmin etmək;
– yükün düzgün qablaşdırılmasına və etibarlı şəkildə bərkidilməsinə diqqət yetirmək;
– səfərdən əvvəl avtomobilin texniki sazlığını yoxlamaq;
– əmək və istirahət rejiminə əməl etmək, yorğun və yuxusuz halda sükan arxasına keçməmək;
– hərəkət zamanı mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmək;
– hava və yol şəraitini nəzərə almaq tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb.
İdarə xüsusilə vurğulayıb ki, yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların qarşısının alınmasında sürücülərin məsuliyyətli davranışı mühüm əhəmiyyət daşıyır. Yollarda təhlükəsizliyin təmin olunması yalnız sürücünün deyil, hərəkətin bütün iştirakçılarının məsuliyyətidir.
Mənbə: news.milli.az





