Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq
Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı və heyvandarlıq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni əməkdaşlıq mərhələsinə start verilib.

Yenilənib: Sentyabr 30, 2026 2:21 axşam
Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq
Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı və heyvandarlıq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni əməkdaşlıq mərhələsinə start verilib.
2026-cı il sentyabrın 28-də Bakı şəhərində Azərbaycan tərəfdən “Milagro Ganaderia LLC” ilə Pakistanın “Eco Breed Genetics (EBG)” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd iki ölkə arasında heyvandarlıq genetikası, seleksiya və reproduktiv biotexnologiyalar sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində “Azərbaycanda qabaqcıl heyvandarlıq genetikası, reproduktiv biotexnologiya və Regional Genetika Mərkəzinin inkişafı” layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Layihədə Azərbaycan tərəfini təmsil edən “Milagro Ganaderia LLC” şirkətinin investorlarından biri yerli azərbaycanlı iş adamı və sahibkar Fərid Mustafayevdir. Onun iştirakı ilə Azərbaycan və Pakistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, yeni investisiya və birgə layihələrin həyata keçirilməsi istiqamətində əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, tərəflər Azərbaycanda heyvandarlıq genetikası, seleksiya proqramları və reproduktiv biotexnologiyalar sahəsində birgə fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Regional Genetika Mərkəzinin “Milagro Ganaderia LLC” şirkətinin əsas heyvandarlıq təsərrüfatının yerləşdiyi Samux rayonunda yaradılması planlaşdırılır. Mərkəzin məhz bu ərazidə fəaliyyət göstərməsi mövcud təsərrüfat infrastrukturu, heyvandarlıq potensialı və layihənin praktiki tətbiqi baxımından əlverişli imkanlar yaradacaq. Eyni zamanda, mərkəzin əsas təsərrüfat bazasına yaxın yerləşdirilməsi genetik seleksiya, damazlıq heyvandarlıq və reproduktiv biotexnologiyalar üzrə aparılacaq işlərin daha səmərəli təşkilinə şərait verəcək.
Layihə çərçivəsində IVF (süni mayalanma), süni mayalama, embrion transferi və digər müasir reproduktiv biotexnologiyaların tətbiqi, həmçinin yüksək genetik göstəricilərə malik damazlıq heyvanların yetişdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.
Regional Genetika Mərkəzinin yaradılması ilə Azərbaycanda heyvandarlıq sahəsində müasir genetik və reproduktiv texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli genetik potensialın gücləndirilməsi və damazlıq heyvandarlığın inkişafına töhfə verilməsi hədəflənir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də Pakistanın bu sahədəki təcrübəsinin Azərbaycan bazarına və regional layihələrə inteqrasiyasıdır. Bu çərçivədə texnologiya və təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, genetik material və reproduktiv texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlığın davam etdirilməsi həmçinin iki ölkənin iş adamları və şirkətləri arasında yeni biznes əlaqələrinin qurulmasına, kənd təsərrüfatı və heyvandarlıq sahəsində qarşılıqlı investisiya imkanlarının artırılmasına şərait yaradacaq.












