Qarabağ gəncləri üçün inkişaf düşərgəsi başa çatıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi çərçivəsində təşkil…

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi çərçivəsində təşkil olunan inkişaf düşərgəsi Göygöl rayonunda başa çatıb.
Düşərgənin son günlərində iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Proqramın növbəti mərhələsində gənclər qruplara bölünərək hazırladıqları layihələri münsiflər heyəti və digər iştirakçılar qarşısında təqdim ediblər. Təqdimatlar zamanı gənclərin ideyaları, layihələrin məqsədləri və onların həyata keçirilməsi imkanları müzakirə olunub.
Düşərgənin yekun hissəsində komanda oyunları və əyləncə proqramı təşkil edilib. Fəaliyyətlər iştirakçıların bir-biri ilə daha yaxından tanış olmasına, komanda ruhunun güclənməsinə və asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradıb.
Layihə çərçivəsində keçirilən təlim və praktiki fəaliyyətlər gənclərin liderlik, komanda işi, layihə hazırlamaq və iqtisadi düşüncə bacarıqlarının inkişafına yönəlib.
Dördgünlük düşərgə gənclərin yeni bilik və təcrübə qazanması, sosial əlaqələrini genişləndirməsi və fəal vətəndaşlıq mövqeyinin gücləndirilməsi ilə yekunlaşıb.








