8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
İqtisadiyyat

AzerGold Kəlbəcərə həsr olunmuş yeni qızıl-gümüş kolleksiyası təqdim edib

AzerGold QSC Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Kompozisiyada bölgənin irsini, təbiətini və ənənələrini əks etdirən milli ornamentlərdən istifadə olunub.

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
AzerGold-un Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkə kolleksiyası
İqtisadiyyat — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

AzerGold QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.

Kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, incəsənətini və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.

Sikkənin kompozisiyasının əsas elementlərindən biri XIX əsrin sonlarına aid qədim Kəlbəcər xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan və məişət əşyalarının saxlanması və daşınması üçün istifadə olunan ənənəvi xalça məmulatıdır.

Kompozisiyanı əhatə edən haşiyə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii ehtiyatlarına istinad edən pətək motivindən ilhamlanıb.

Digər element isə sikkənin yuxarı və aşağı hissələrində yerləşən 17 simmetrik xətdir. Onlar ənənəvi sazın ladlarını simvollaşdıraraq qədim aşıq sənətinə və saz ifaçılığı ənənələrinə istinad edir.

Kəlbəcərə həsr olunmuş xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirir. Sikkənin konsepsiyasında həm Kəlbəcərin tarixi yaddaşı, həm də bölgənin dirçəlişi və gələcəyə baxışı ifadə olunub.

Yeni kolleksiya AzerGold QSC-nin təşəbbüsü ilə buraxılan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məmulatlar ölkədə hasil olunan 999.9 əyarlı qızıl və gümüşdən müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunub.

Kəlbəcər kolleksiyasını AzerGold QSC-nin Satış və Mübadilə Mərkəzindən, Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanından, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən müxtəlif dizaynlarda sikkələrin, eləcə də qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən yerli pərakəndə bazarda təqdim olunur. Hazırda AzerGold QSC-nin məhsul portfelində 27 kolleksiya — 15 qızıl və 12 gümüş kolleksiyası var.

Paylaş

Oxşar materiallar

Hamısına bax
AzerGold Kəlbəcərə həsr olunmuş yeni qızıl-gümüş kolleksiyası təqdim edibF4Media səsləndirməsi