Tbilisidə tıxacların qarşısını almaq üçün “Yellow Box” tətbiq ediləcək
Tbilisi meriyası kəsişmələrdə tor formasında nişanlanma — Yellow Box tətbiq edəcək. Mer Kaxa Kaladzenin tapşırığı ilə işə Tbilisi Nəqliyyat və Şəhər İnkişafı Agentliyi Gürcüstan Daxili İşlər Nazirliyi ilə birlikdə başlayacaq.

Tbilisi şəhərində kəsişmələrdə “Yellow Box” adlanan tor formasında yol nişanlanmasının tətbiqi planlaşdırılır. Məqsəd tıxacları azaltmaq və avtomobillərin kəsişmələri bloklamasının qarşısını almaqdır.
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, yeni sistemin tətbiqi ilə bağlı işlər Tbilisi Nəqliyyat və Şəhər İnkişafı Agentliyi və Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.
Kaladze bildirib ki, sıxlıq zamanı sürücülər yaşıl işıqda kəsişməyə daxil olsalar da, irəliləyə bilmədikləri üçün yolu bağlayırlar. “Yellow Box” sistemi belə halların qarşısını almağa kömək etməlidir.
Merin sözlərinə görə, Gürcüstan qanunvericiliyində kəsişməni bloklamaq artıq qadağandır, lakin bu qaydaya nəzarət etmək çətindir.
Kaladze həmçinin qeyd edib ki, Tbilisidə avtomobillərin sayı son illərdə ciddi artıb. 2012-ci ilə qədər şəhərdə təxminən 180 min şəxsi avtomobil olduğu halda, hazırda pik saatlarda bu rəqəm 900 minə çatır.
Paytaxtda nəqliyyat probleminin azaldılması üçün “ağıllı” svetoforların quraşdırılması və digər nəqliyyat layihələri də həyata keçirilir.
Mənbə: sputnik-georgia.ru





