Eurostar-ın işçilərinin gözlənilməz tətili London, Paris və Brüssel arasında qatarların ləğvinə səbəb olub
Çərşənbə günü Eurostar işçilərinin gözlənilməz tətili London, Paris və Brüsseli birləşdirən bir neçə qatarın ləğvinə səbəb olub. Operator tətilə kimin qatıldığını və səbəbini hələ açıqlamayıb.

Eurostar şirkəti çərşənbə günü Paris və London arasında qatarların hər iki istiqamətdə hərəkətini dayandırıb.
Şirkətin özünün sosial şəbəkə X-də verdiyi məlumata görə, reyslərin ləğvinə səbəb “gözlənilməz tətil” olub.
Eurostar sərnişinlərə səfərlərini başqa tarixə keçirməyi tövsiyə edib. Reyslərin ləğvindən zərər çəkən sərnişinlərə bronlarını dəyişdirmək və ya biletlərin tam dəyərini geri almaq imkanı təqdim olunub. Şirkət yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Operator həmçinin həmkarlar ittifaqlarını şirkətlə birbaşa danışıqları davam etdirməyə çağırıb. Eurostar rəhbərliyi əməkdaşlarla “konstruktiv dialoq” aparmağa hazır olduğunu bildirib.
Məlumata görə, problem yalnız Paris–London xətti ilə məhdudlaşmayıb. Bu gün səhər saatlarında bəzi digər Eurostar reyslərində də gecikmələr qeydə alınıb.
Paris–London marşrutu Eurostar-ın əsas istiqamətlərindən biridir. 1994-cü ilin noyabrında istifadəyə verilən xətt La-Manş boğazının altından keçən Eurotunnel vasitəsilə iki şəhəri birləşdirir. Şirkət, həmçinin Belçika, Niderland və Almaniyaya qatar reysləri həyata keçirir.
Reyslərin nə vaxt tam bərpa olunacağı ilə bağlı Eurostar tərəfindən konkret vaxt açıqlanmayıb.
Mənbə: france24.com





