Uşağın haqqını kim bağışlaya bilər?
Bu sualı son günlər mediada yayılan bir məhkəmə işi ilə bağlı özümə verirəm.

Yenilənib: Oktyabr 8, 2026 11:13 axşam
Bu sualı son günlər mediada yayılan bir məhkəmə işi ilə bağlı özümə verirəm.
Söhbət 2019-cu ildə, qızın cəmi 5 yaşı olanda, 19 yaşlı qonşusunun ona qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı işdən gedir. Bu gün həmin qızın 12 yaşı, həmin şəxsin isə 24 yaşı var. Məhkəmə prosesi də bu günlərdə yekunlaşıb.
Məni düşündürən məsələ isə təkcə məhkəmənin verdiyi qərar deyil.
5 yaşlı uşaq nə baş verdiyini dərk etmirdi. 19 yaşlı gənc isə artıq yetkinlik yaşına çatmışdı və öz hərəkətinin məsuliyyətini dərk edə biləcək yaşda idi.
Bu gün həmin uşaq 12 yaşındadır. Hələ də uşaqdır.
24 yaşlı insan isə artıq yetkin şəxsdir.
İndi gəlin bir az da özümüzə sual verək.
Ata övladını bağışlaya bilər. Ailə öz qərarını verə bilər. İnsan öz şəxsi münasibətində kimisə bağışlaya da bilər.
Amma söhbət uşağın hüququndan gedəndə, bu artıq yalnız ailədaxili məsələ olaraq qala bilərmi?
Uşağın haqqını onun əvəzinə böyüklər bağışlaya bilərmi?
Mən heç kimi ittiham etmək, heç kimin tərbiyəsinə, ailə dəyərlərinə və ya şəxsi qərarına müdaxilə etmək fikrində deyiləm. Hüquq da öz yerindədir, məhkəmə də.
Amma jurnalist kimi mənim sual vermək haqqım var.
Və bu sualı cəmiyyətə verirəm:
Əgər 5 yaşlı uşağın nə baş verdiyini anlamaq imkanları yox idisə, onun haqqını illər sonra böyüklər “bağışladım” deyərək necə müəyyən edə bilər?
Bəlkə də bu məsələni məhz buna görə yalnız bir məhkəmə xəbəri kimi oxuyub keçməməliyik.
Sizcə, uşağın hüququ ilə bağlı son söz kimin olmalıdır?





