Azərbaycan və Litva strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıblar
Azərbaycan və Litva strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıblar. Aİ Şurasına sədrlik edən Litva Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin asanlaşdırılmasını dəstəkləyəcəyini bildirib.

Azərbaycan və Litva strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıb.
Bunu Litvanın xarici işlər naziri Kęstutis Budrys Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Kęstutis Budrys bildirib ki, Litva Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Aİ ölkələri ilə Azərbaycan arasında viza rejiminin asanlaşdırılmasını dəstəkləyəcək.
Onun sözlərinə görə, bu istiqamətdə siyasi müzakirələrlə yanaşı, müvafiq hüquqi proseslərin də hər iki tərəfdə bərpa edilməsi zəruridir.
Litva rəsmisi səyahət üçün daha əlverişli şəraitin yaradılmasının və insanlar arasında əlaqələrin genişlənməsinin qarşılıqlı anlaşmanı gücləndirdiyini vurğulayıb. O, bunun Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.
Budrys həmçinin Litvanın Aİ Şurasına sədrliyi dövründə Azərbaycanla bağlı Avropa İttifaqı daxilində ümumi mövqenin formalaşdırılmasına çalışacağını bildirib.
Görüş zamanı iki ölkə arasında təhsil və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Hazırda Azərbaycandan təxminən 800 tələbənin Litvada təhsil aldığı bildirilib.
Tərəflər Azərbaycan və Litva arasında birbaşa aviareyslərin bərpası məsələsi üzrə müzakirələri davam etdirmək barədə də razılığa gəliblər.
İmzalanan Birgə Bəyannamənin Azərbaycan-Litva münasibətlərinin siyasi və iqtisadi istiqamətlərdə daha da inkişaf etdirilməsi baxımından yeni çərçivə formalaşdıracağı bildirilib.
Mənbə: apa.az





