Aqil Ələsgər Qırğızıstanda “Ən yaxşı jurnalist” medalı ilə təltif olunub
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına və Azərbaycan-Qırğızıstan jurnalistləri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif edilib.

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına və Azərbaycan-Qırğızıstan jurnalistləri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif edilib.
Mükafatlandırma mərasimi Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsini və “Ən yaxşı jurnalist” medalını təqdim edib.
İlyasbek Baltaşev bildirib ki, 20 ildən artıqdır fəaliyyət göstərən Qırğızıstan Jurnalistlər Birliyi ilk dəfə ölkə xaricindən olan jurnalistləri təltif edir. Onun sözlərinə görə, bu addım türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, ortaq dəyərlərin təbliğinə və media nümayəndələri arasında peşəkar əməkdaşlığın genişləndirilməsinə verilən qiymətdir.
Birlik sədri Azərbaycan və Qırğızıstanın media qurumları arasında birbaşa əlaqələrin inkişafının əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanımasına şərait yaradır.
Təltif olunanlar arasında Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, Türk İnternet Media Birliyinin sədri, doktor Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da olub. Onlar medallarla təltif edilib və fəxri üzvlüyə qəbul olunublar.
Qeyd edək ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri zamanı da Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.







