Hatayda səhiyyə infrastrukturu yenidən qurulur: Yeni xəstəxanalar və genişmiqyaslı investisiyalar
Türkiyənin Hatay vilayətində 2023-cü il zəlzələlərindən sonra səhiyyə infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Bölgədə yeni xəstəxanaların tikintisi, ailə sağlamlıq mərkəzlərinin genişləndirilməsi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı və…

Türkiyənin Hatay vilayətində 2023-cü il zəlzələlərindən sonra səhiyyə infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Bölgədə yeni xəstəxanaların tikintisi, ailə sağlamlıq mərkəzlərinin genişləndirilməsi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması əsas prioritetlər sırasındadır.
Bu barədə Hatay Səhiyyə İdarəsinin müdiri Dr. Sıtkı Sönmez jurnalist Hüseyn Zorkunla görüşü zamanı məlumat verib.
F4Media.az-ın Türkiyə təmsilçisi, Haberci qəzetinin sahibi, jurnalist Hüseyn Zorkun Hatay Səhiyyə İdarəsinin müdiri Dr. Sıtkı Sönmezi vəzifə otağında ziyarət edib. Görüş zamanı jurnalist fəaliyyəti, Hatayda səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan investisiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Dr. Sıtkı Sönmez Hatayda səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr, yeni xəstəxanaların tikintisi və tibbi xidmətlərin inkişafı barədə ətraflı məlumat verib.
600 və 1000 çarpayılıq yeni xəstəxanalar tikilir
Hatayda səhiyyə sisteminin gələcək ehtiyaclarını qarşılamaq məqsədilə iri tutumlu xəstəxana layihələri həyata keçirilir. Məlumata görə, İskəndərunun Cebike bölgəsində 600 çarpayılıq yeni xəstəxananın tikintisinin 2027-ci ilin sentyabrında başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Antakyanın Gülderen bölgəsində isə 1000 çarpayılıq şəhər xəstəxanasının tikintisi ilə bağlı tender prosesi artıq yekunlaşıb. Layihənin 2029-cu ildə tamamlanması hədəflənir.
Bu iki mühüm investisiya ilə Hatayın səhiyyə xidmətləri üzrə mövcud imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi, regionun uzunmüddətli tibbi xidmət ehtiyaclarının qarşılanması planlaşdırılır. Dr. Sıtkı Sönmezin sözlərinə görə, həyata keçirilən layihələr nəticəsində vilayət 30-40 illik perspektivi əhatə edən səhiyyə tutumuna sahib olacaq.
Özəl səhiyyə sektorunda da yeni layihələr nəzərdə tutulur
Hatayda səhiyyə xidmətlərinin genişləndirilməsi yalnız dövlət xəstəxanaları ilə məhdudlaşmır. Özəl səhiyyə sektorunun inkişafı istiqamətində də addımlar atılır.
Belə ki, indiyədək bir xəstəxana və iki tibb mərkəzi üzrə tender keçirilib. Daha bir xəstəxananın tenderinin isə 2026-cı ilin oktyabrında həyata keçirilməsi nəzərdə tutulub. Bu layihələrin bölgədə tibbi xidmətlərin çeşidinin və əlçatanlığının artırılmasına töhfə verəcəyi gözlənilir.
Ailə sağlamlıq mərkəzlərinin əhatə dairəsi genişləndirilir
Səhiyyə sisteminin əsas istiqamətlərindən biri olan ilkin tibbi xidmətlərin gücləndirilməsi də diqqət mərkəzindədir. Yeni yaşayış məntəqələrinin formalaşması və əhalinin məskunlaşma dinamikası nəzərə alınmaqla ailə sağlamlıq mərkəzlərinin yerləşdirilməsi planlaşdırılır.
Hər bir bölmədə minimum iki həkimin fəaliyyət göstərməsi, əhalinin sıxlığına uyğun olaraq bu sayın 10 həkimədək artırılması nəzərdə tutulur. Məqsəd sakinlərin ilkin tibbi yardıma daha rahat çıxışını təmin etmək və xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır.
Bildirilib ki, qarşıdakı bir il ərzində ilkin səhiyyə xidmətlərinin yeni yaşayış məntəqələrində tam şəkildə yerləşdirilməsi və sistemli fəaliyyətinin təmin olunması hədəflənir.
Psixoloji dəstək və xroniki xəstəliklərin müalicəsinə diqqət
Hatayda səhiyyə xidmətlərinin bərpası çərçivəsində əhalinin fiziki sağlamlığı ilə yanaşı, psixoloji rifahına da xüsusi önəm verilir.
Bu istiqamətdə pulsuz protez və ortez vasitələri, eləcə də fizioterapiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Psixoterapiya xidmətlərindən yararlananların sayının isə 18-20 min nəfər səviyyəsinə çatdığı bildirilib.
Bununla yanaşı, xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların mütəmadi tibbi nəzarətdə saxlanılması üçün ailə sağlamlıq mərkəzləri üzərindən xüsusi izləmə sistemi yaradılıb. Bu sistem vasitəsilə xəstələrin sağlamlıq vəziyyətinin davamlı monitorinqi və ehtiyaclarına uyğun tibbi dəstəyin göstərilməsi planlaşdırılır.
Rəqəmsal səhiyyə və evdə tibbi xidmətlər inkişaf etdirilir
Hatayda tibbi xidmətlərin müasirləşdirilməsi istiqamətində rəqəmsallaşma prosesinə də xüsusi diqqət yetirilir. Dr. Sıtkı Sönmezin məlumatına görə, radioterapiya-onkologiya xidmətləri yenidən aktivləşdirilib və bu sahədə tibbi imkanlar bərpa olunub.
80 yaşdan yuxarı və yataq xəstəsi olan vətəndaşların tibbi müayinələri və zəruri sağlamlıq sənədlərinin hazırlanması üçün evdə xidmət mexanizmi tətbiq edilir. Bununla da xəstəxanaya getməkdə çətinlik çəkən insanların tibbi xidmətlərə çıxışı asanlaşdırılır.
Səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərin nəticəsində Hatayın bu sahədə Türkiyənin ümumi göstəriciləri ilə eyni səviyyəyə çatdığı qeyd olunub.
Hatayın səhiyyə sistemi üçün yeni mərhələ
Dr. Sıtkı Sönmezin açıqlamalarına əsasən, qarşıdakı 1-5 il ərzində Hatayda ilkin, ikinci və üçüncü səviyyəli səhiyyə xidmətləri üzrə mövcud çatışmazlıqların aradan qaldırılması hədəflənir. Bütün layihələrin müəyyən edilmiş qrafik əsasında ciddi nəzarətdə saxlanıldığı bildirilib.
Qeyd edək ki, Hatayda həyata keçirilən bu layihələr 2023-cü ilin dağıdıcı zəlzələlərindən sonra bölgənin yenidən qurulması prosesinin mühüm tərkib hissəsidir. Yeni xəstəxanaların inşası, tibbi infrastrukturun genişləndirilməsi, ailə sağlamlıq mərkəzlərinin yaradılması və rəqəmsal xidmətlərin inkişafı regionun gələcək səhiyyə təminatının möhkəmləndirilməsinə hesablanıb.






