28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Cəmiyyət

Həkimlərin maaşı artdı, indi növbə kimdədir?

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarında artım edilib. Mütəxəssislər bu addımın digər sahələrdə də tətbiq olunmasının məhsuldarlığa müsbət təsir göstərə biləcəyini qeyd edirlər.

Tünzalə Məlikova2 dəq oxunuş
Mətn ölçüsü
Tibb müəssisəsində çalışan həkimlər
Cəmiyyət — F4Media

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin maaşlarının artırılması xəbərini alqışlayırıq. Əməyinin qarşılığını daha yaxşı alan hər bir insanın sevincinə sevinmək lazımdır. Həkimlərin işi isə onsuz da ən böyük məsuliyyət daşıyan peşələrdən biridir.

Amma yaxşı xəbərin ardınca bir arzumuz da var: kaş bu artım yalnız səhiyyə sahəsində qalmaya.

Kaş bu müsbət tendensiya başqa sahələrə də yayılsın. Müəllimlərdən jurnalistlərə, televiziya və radio əməkdaşlarından sayt və qəzetlərdə çalışanlara, iqtisadçılardan mühəndislərə, hüquqşünaslardan müxtəlif istiqamətlər üzrə çalışan bütün mütəxəssislərə qədər hər kəs öz əməyinin və peşəkarlığının qarşılığını daha yaxşı görə bilsin.

Çünki hər sahənin öz yükü, öz məsuliyyəti, öz görünməyən əməyi var. Birinin işi xəstəxanada görünür, digərinin işi sinif otağında, başqasının işi televiziya ekranında, redaksiyada, ofisdə, laboratoriyada və ya istehsalatda. Görünən və görünməyən bütün bu əməyin arxasında isə insan dayanır.

Söhbət təkcə dövlət qurumlarından getmir.

Özəl sektorda da rəhbərlər bu məsələyə bir qədər başqa gözlə baxmalıdırlar. İşçidən daha çox məhsuldarlıq, daha çox məsuliyyət, daha çox təşəbbüs gözləyiriksə, bunun qarşılığında onun motivasiyasını da düşünməliyik. İnsan hər ay eyni maaşı alıb, eyni xərclərin içində yaşayıb, amma ondan hər il daha çox nəticə gözləniləndə bir yerdən sonra məsələ artıq “işçinin performansı” yox, işəgötürənin yanaşması olur.

İnsan özünü güvəndə hiss etməlidir ki, işinə də ürəklə yanaşsın.

Bu gün əmək bazarında yaxşı mütəxəssisi saxlamaq da ən azı onu tapmaq qədər çətindir. Peşəkar insan yalnız maaşa görə işləmir, əlbəttə. Amma əməyinin qiymətləndirilmədiyini hiss etdiyi yerdə uzun müddət motivasiyalı qalmaq da asan deyil.

Ona görə maaş artımı yalnız sosial məsələ kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda məhsuldarlıq məsələsidir. İşçinin rifahına qoyulan sərmayə bir müddət sonra işin keyfiyyətinə, məsuliyyətə və nəticəyə qayıdır.

Bu baxımdan həkimlərin maaşlarının artırılması xəbərinə sevinirik və eyni zamanda arzu edirik ki, bu yanaşma digər peşələr üçün də nümunəyə çevrilsin.

Dövlət sektorunda da, özəl sektorda da.

Çünki yaxşı maaş sadəcə ayın sonunda hesaba köçən rəqəm deyil. Bəzən o rəqəm işçiyə verilən ən sadə mesajdır: “Sənin əməyini görürük və buna dəyər veririk”.

İndi arzumuz budur ki, bu mesajı daha çox insan eşitsin.

Paylaş

Oxşar materiallar

Hamısına bax