Aqşin Babayevin “Əyri gözlük” pyesi əsasında hazırlanan tamaşa təqdim olunub
Mərhum yazıçı-dramaturq, pedaqoq və ictimai xadim Aqşin Babayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib.

Mərhum yazıçı-dramaturq, pedaqoq və ictimai xadim Aqşin Babayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib.
F4media.az xəbər verir ki, yubiley tədbirində musiqi nömrələri, bədii qiraətlər və yazıçının sənət dostlarının çıxışları təqdim olunub.
Tədbirin bədii proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu ixtisası üzrə magistratura pilləsinin birinci kurs tələbəsi Ülvi Məmmədlinin quruluşunda Aqşin Babayevin “Əyri gözlük” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Tamaşanın rejissoru Ülvi Məmmədli səhnə əsərinin konsepsiyası barədə danışarkən baş qəhrəmanın gündəlik həyatda rast gəlinən insan tipini təmsil etdiyini bildirib.
Onun sözlərinə görə, bu obraz “yox” deməyi bacarmayan, öz haqqını tələb etməyə çətinlik çəkən, haqsızlıqlara göz yuman və yaşadığı faciələri daxilində saxlayan insanın xarakterini əks etdirir. Rejissor qeyd edib ki, belə insanlar qarşılaşdıqları problemləri zamanla daxili narazılığa və passiv aqressiyaya çevirirlər.
Ülvi Məmmədli tamaşanın hazırlanmasına və təqdimatına göstərilən dəstəyə görə yazıçı, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrətə və ADMİU-nun Teatr Sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyevaya təşəkkürünü bildirib.
Səhnə əsərində universitetin Aktyor sənəti ixtisası üzrə III kurs tələbələri iştirak ediblər. Hüseyn Quluzadə Natiq, Yaqut Sadıqova Samirə, Ayxan Hüseynov Zamanlı və İblis, Aynur Lətifli Züleyxa obrazlarını canlandırıblar. Hüseyn Hüseynzadə və Şahin Əmiraslanov isə İblisin köməkçiləri rolunda çıxış ediblər.
Tamaşa Aqşin Babayevin dramaturji irsinin yeni nəsil teatr nümayəndələri tərəfindən səhnəyə gətirilməsi, eyni zamanda əsərdəki hadisə və obrazların müasir insanın davranışları, seçimləri və daxili ziddiyyətləri kontekstində təqdim olunması baxımından maraq doğurub.









