Bir an hətta öz-özümə sual verdim: Elşəndi, ya başqası?” – Əli İsa Cabbarov
Akademik Milli Dram Teatrının kiçik səhnəsində Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında hazırlanan tamaşa sənətsevərlərin diqqətini cəlb edib.

Akademik Milli Dram Teatrının kiçik səhnəsində Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında hazırlanan tamaşa sənətsevərlərin diqqətini cəlb edib.
Ssenarisi yazıçı Cavid Zeynallıya, quruluşu isə rejissor Mirzə Nicata məxsus olan tamaşada aktyor Elşən Rüstəmovun yaratdığı obraz xüsusilə diqqət çəkib.
Rejissor və ssenarist Əli İsa Cabbarov tamaşadan sonra sosial şəbəkə hesabında paylaşım edərək Elşən Rüstəmovun aktyor kimi başqalaşmasını yüksək qiymətləndirib.
Cabbarov aktyorun ifasını belə dəyərləndirib: “Bu gün Azdramada, kiçik səhnədə “İvan İliçin ölümü”ndə Elşən Rüstəmovun göstərdiyi başqalaşma ustalığını mən illərdir görməmişəm. Bir an hətta öz-özümə sual verdim: Elşəndi, ya başqası?”
O, xüsusilə aktyorun obraz üçün fərqli səs yaratmasını tamaşanın əsas uğurlarından biri kimi qeyd edib. Cabbarovun fikrincə, teatrda personajın səsinin tapılması aktyor plastikasından heç də az əhəmiyyət daşımır.
“Personajın səsinin tapılmasına çox həssasam. Məncə, plastika qədər vacibdir teatrda, bəlkə plastikadan da vacibdir. Elşən öz səsi ilə danışmırdı tamaşa boyu. Hakim İvan İliçin səsini eşitdik. Aqoniyada olan insanın səsi, iniltisi, bağırtısı necə ustalıqla tapılmışdı”, – deyə o bildirib.
Rejissor tamaşanın musiqi və işıq həllərini də uğurlu hesab edib. Onun sözlərinə görə, bu elementlər səhnə əsərinin təsir gücünü artıran əsas komponentlərdən olub.
Əli İsa Cabbarov Elşən Rüstəmovun səhnədəki uğurunu yalnız aktyor istedadı ilə deyil, onun uzun illər ərzində formalaşdırdığı peşəkar yanaşma ilə də əlaqələndirib. O, aktyorun təvazökarlığını və sənətə münasibətini xüsusi vurğulayıb.
“Rüstəmovun bugünkü başqalaşması həm də onun peşə əxlaqından doğur. Təvazökar, bərkdən uzaq, onilliklərin sənətə ibadətinin nəticəsidir bu günün qələbəsi”, – deyə Cabbarov qeyd edib.
Lev Tolstoyun “İvan İliçin ölümü” əsərinin səhnə adaptasiyasında Əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələd qızı və Ramin Şıxəliyev, həmçinin Elsevər Ağayev rol alırlar.
Tamaşanın quruluşçu rəssamı Anar Əliyev, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.
Əsərin səhnə həlli insanın həyat, ölüm, peşə, ailə və daxili tənhalıqla münasibətini araşdıran Tolstoy mətninin teatr dilində yeni ifadəsini təqdim edir. Tamaşanın xüsusilə Elşən Rüstəmovun ifasında İvan İliç obrazının daxili sarsıntılarının və ölümə yaxınlaşan insanın psixoloji vəziyyətinin canlı şəkildə çatdırılması baxımından diqqət çəkdiyi bildirilir.





