“Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi Zərdab rayonunda keçirilib
Fermer və sahibkarların aqrar sahədə mövcud dəstək mexanizmləri barədə məlumatlandırılması məqsədilə Zərdab rayonunda panel müzakirəsi təşkil edilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində növbəti toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada sertifikatlı toxum nümunələrinin nümayişi və satışı həyata keçirilib. Fermerlərə müxtəlif bitki növləri üzrə toxumlarla tanış olmaq, onların xüsusiyyətləri barədə məlumat əldə etmək və ehtiyaclarına uyğun toxumları əldə etmək imkanı yaradılıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə aqrar sahənin rayonun iqtisadi həyatında tutduğu yerə toxunaraq, fermer və sahibkarların dövlət dəstəyi imkanlarından faydalanmasının əhəmiyyətini qeyd edib.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahənin inkişafında dövlət dəstəyi mexanizmlərinin, müasir yanaşmaların və innovativ həllərin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, fermer və sahibkarların mövcud imkanlardan səmərəli istifadə etməsinin, istehsalın keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksəldilməsinin, eləcə də aqrar sahədə qarşıya qoyulan strateji hədəflərə nail olunmasının vacibliyini diqqətə çatdırıb.