Azərbaycan XİN Moskvadakı səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib
Avqustun 27-də Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər təxribat xarakterli materiallar yerləşdiriblər. Bakı hərəkətlərə hüquqi qiymət verilməsini və gələcəkdə belə halların qarşısının alınmasını tələb edir.

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 27-də Moskvada baş vermiş təxribatı qətiyyətlə pisləyən rəsmi bəyanat yayıb. Günorta saatlarında naməlum şəxslər Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında təxribat xarakterli təsvirlər yerləşdiriblər.
Nazirlikdən vurğulanıb ki, bu hadisə son vaxtlar bir sıra Rusiya mediası tərəfindən Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi ola bilər. XİN-in fikrincə, bu cür hərəkətlər Azərbaycan-Rusiya münasibətlərində süni şəkildə gərginlik yaratmağa yönəlib.
Azərbaycan tərəfi Rusiya Federasiyasının müvafiq qurumlarını hadisəyə lazımi hüquqi qiymət verməyə, hərtərəfli araşdırma aparmağa və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
Bakı Rusiya tərəfindən 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin tam yerinə yetirilməsini gözləyir. Söhbət, xüsusilə, səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsindən, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane olan hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınmasından gedir.
Mənbə: apa.az





