9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9093+0.0045TRY 0.03450100×RUB 1.9998+0.0115
media.az
Köşə yazısı

Dünyəvilik, inanc və qarşılıqlı hörmət: Hicab məsələsinə şəxsi baxışım

Son günlər cəmiyyətdə hicabla bağlı qərar ətrafında ciddi müzakirələr gedir. Sosial şəbəkələrdə fərqli mövqelər, narahatlıqlar və bəzən də bir-birinə qarşı sərt münasibətlər görürük.

Fira Cəlilova2 dəq oxunuş
Mətn ölçüsü
Dünyəvilik, inanc və qarşılıqlı hörmət: Hicab məsələsinə şəxsi baxışım
Köşə yazısı — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Son günlər cəmiyyətdə hicabla bağlı qərar ətrafında ciddi müzakirələr gedir. Sosial şəbəkələrdə fərqli mövqelər, narahatlıqlar və bəzən də bir-birinə qarşı sərt münasibətlər görürük.

Məncə, belə həssas məsələlərdə ilk növbədə qərarın mahiyyətinə və hansı çərçivədə tətbiq olunmasına baxmaq lazımdır.

Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dinə qarşı olmaq deyil. Dövlətin dini inancından asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət göstərməsi, qərarların isə hüquqi əsaslarla qəbul edilməsi prinsipidir.

Bu məsələnin başqa ölkələrlə, başqa xalqlarla və ya xarici təsirlərlə əlaqələndirilməsini də doğru hesab etmirəm. Söhbət Azərbaycanda qəbul olunan qərardan gedir və onun cəmiyyət tərəfindən müzakirə olunması tamamilə təbiidir.

Mənim diqqətimi daha çox məsələnin məktəb mühiti və uşaqlarla bağlı olması çəkir.

Uşaqlıq və yeniyetməlik insanın dünyagörüşünün formalaşdığı dövrdür. Uşağın ailəsindən, müəllimindən və ətraf mühitindən təsirlənməsi təbiidir. Bu baxımdan məktəbin mümkün qədər neytral və bütün uşaqlar üçün eyni mühit olması vacibdir.

Mən dövlətin yanaşmasını da bu baxımdan anlayıram. Məqsəd uşağın hər hansı bir dünyagörüşünə məcbur edilməsinin qarşısını almaq və onun gələcəkdə öz seçimlərini daha şüurlu şəkildə etməsinə imkan yaratmaqdır.

Eyni zamanda düşünürəm ki, bu məsələnin müzakirəsində ən vacib prinsiplərdən biri qarşılıqlı hörmətdir. Hicab taxan insanın seçiminə də, taxmayan insanın seçiminə də hörmət edilməlidir. Heç kəs inancına görə üstün və ya aşağı hesab olunmamalıdır.

Müəllimlər üçün vahid geyim tələbinə də məktəb mühitində müəyyən qaydaların və peşəkar görünüşün təmin olunması baxımından yanaşmaq olar. Milli geyim elementlərinin, o cümlədən kəlağayının istifadəsinə imkan verilməsi isə dünyəviliklə milli dəyərlərin bir-birinə zidd olmadığını göstərir.

Mən bu məsələyə dinə qarşı münasibət kimi deyil, məktəb mühitində qaydaların müəyyənləşdirilməsi məsələsi kimi baxıram. Amma hər bir qərarın tətbiqi zamanı insanlara qarşı hörmətin və ayrı-seçkiliyə yol verilməməsinin qorunması da vacibdir.

Fərqli düşünmək normaldır. Bu məsələdə razılaşmaya bilərik. Əsas olan odur ki, fikir ayrılığımız bir-birimizə qarşı hörmətsizliyə çevrilməsin.

Çünki cəmiyyət olaraq bizi birləşdirən ən vacib dəyərlərdən biri də fərqli düşünən insanla yanaşı yaşamağı bacarmaqdır.

Paylaş
Dünyəvilik, inanc və qarşılıqlı hörmət: Hicab məsələsinə şəxsi baxışımF4Media səsləndirməsi