Kipr sahillərində sərnişin bərəsi batıb: səkkiz nəfər ölüb, 18 nəfər itkin düşüb
Girne bölgəsində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub, 18 itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı aviasiyanın cəlb edilməsi ilə davam edir.

Girne limanından (Şimali Kipr) Türkiyənin Taşucu limanına gedən sərnişin katamaranı Aralıq dənizində batıb. Gəmi əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış reysdən sonra saat 12:30-da yola düşüb. Göyərtədə 267 nəfər olub.
Limandan çıxdıqdan təxminən dörd dəniz mili (təxminən 8 kilometr) sonra gəmi fırtınaya düşüb. İlkin məlumatlara görə, güclü dalğalar idarəetmənin itirilməsinə və gəminin yana əyilməsinə səbəb olub. Məlumatlara görə, kapitan burun hissəsinə su dolduğunu gördükdən sonra təhlükə siqnalı verib, bundan sonra gəmi parçalanaraq çevrilib. Hazırda qalıqlar 514 metr dərinlikdədir.
Xilasetmə əməliyyatı zamanı 241 nəfəri təxliyə etmək mümkün olub. Səkkiz sərnişinin ölümü təsdiqlənib. Daha 18 nəfərin axtarışı sahil mühafizəsi və aviasiyanın, o cümlədən Türkiyə tərəfindən təmin edilən iki pilotsuz uçuş aparatı və CASA tipli təyyarənin iştirakı ilə gecə-gündüz davam etdirilir.
Şimali Kiprin Baş naziri Üstel hadisə ilə bağlı rəsmi istintaqın başladığını bildirib. İstintaq çərçivəsində gəminin kapitanı və yeddi ekipaj üzvü nəzarətə alınıb. Həlak olanların şəxsiyyəti hazırda böhran mərkəzi tərəfindən müəyyənləşdirilir, identifikasiya prosedurları başa çatdıqdan sonra məlumat ailələrinə təqdim olunacaq.
Faciə ilə əlaqədar Şimali Kipr Nazirlər Kabineti üç günlük milli matəm elan edib. Türkiyənin Lefkoşadakı səfirliyi də 30 avqust Zəfər Günü münasibətilə planlaşdırılan qəbulu ləğv edib.
Mənbə: cnnturk.com





