Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
Mingəçevir şəhərinə şəhər statusu verilməsinin 78-ci ildönümü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında təntənəli ədəbi-bədii tədbir keçirilib.

Mingəçevir şəhərinə şəhər statusu verilməsinin 78-ci ildönümü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında təntənəli ədəbi-bədii tədbir keçirilib.
Şəhər ictimaiyyətinin nümayəndələrinin, dövlət qurumlarının rəhbərlərinin, elm, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Mingəçevir Dövlət Dram Teatrında şəhərin tarixi inkişaf yolunu, zəngin mədəni irsini və müasir simasını əks etdirən sərgi ilə tanışlıq olub.
Təntənəli mərasim Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Mingəçevirin yaranmasından bu günədək keçdiyi inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edərək Mingəçevirin Azərbaycanın mühüm sənaye, energetika, elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin tarixi əhəmiyyətindən danışıb.
Bildirilib ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış Mingəçevir ötən 78 il ərzində böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi həyatında mühüm mövqe qazanıb. Şəhərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb, onun təşəbbüsü ilə həyata keçirilən iri energetika və sənaye layihələrinin Mingəçevirin iqtisadi potensialının güclənməsində mühüm rol oynadığı qeyd edilib.
İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə həyata keçirilən genişmiqyaslı infrastruktur, sənayeləşmə və abadlıq-quruculuq layihələrindən bəhs edib. Xüsusilə 1880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, Mingəçevir Sənaye Parkında yeni istehsal müəssisələrinin yaradılması, yaşayış məhəllələrinin yenilənməsi, yaşıllıq sahələrinin genişləndirilməsi və müasir şəhər infrastrukturunun inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışda Mingəçevirin sənaye və energetika potensialı ilə yanaşı, elm, təhsil, turizm və mədəniyyət sahələrində inkişaf perspektivlərinə də toxunulub. Şəhərin dayanıqlı inkişafında insan kapitalının gücləndirilməsinin, gənclərin keyfiyyətli təhsil imkanlarına çıxışının genişləndirilməsinin və innovativ təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Mingəçevirin tarixi inkişaf mərhələlərindən, şəhərin energetika və sənaye mərkəzi kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə olunan sosial-iqtisadi nailiyyətlərdən danışıb.
Tədbirin əlamətdar məqamlarından biri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun təltif olunması olub. Şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə, yüksəkixtisaslı kadr hazırlığının təşkili, universitetin elmi-akademik potensialının gücləndirilməsi və şəhərin ictimai həyatında fəal iştirakına görə rektor Anar Eminov Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Bu təltif Mingəçevir Dövlət Universitetinin regionda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların inkişafı, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və universitet–cəmiyyət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətə verilən dəyərin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Mingəçevirin sosial-iqtisadi və ictimai-mədəni inkişafına töhfələrinə görə digər şəxslərə də şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Təntənəli mərasim incəsənət ustalarının təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti bundan sonra da şəhərin elm, təhsil və innovasiya potensialının gücləndirilməsinə, müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, dayanıqlı inkişaf təşəbbüslərinin təşviqinə və regionun sosial-iqtisadi tərəqqisinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.













