Moskvada sui-qəsd – Nikolay Azarovun keçmiş mətbuat katibi avtomobildə partlayış nəticəsində yaralanıb
Noyabrın 13-də, cümə günü Moskvada avtomobil partlayışı zamanı Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun keçmiş müşaviri Sergey Zavorotnı yaralanıb. Təhqiqat Komitəsi qətlə cəhd faktı üzrə cinayət işi açıb.

Rusiyanın paytaxtında avtomobildə baş verən partlayış zamanı sürücü yaralanıb. Rusiya Təhqiqat Komitəsinin (TK) məlumatına görө, insident şəhərin cənubunda yerləşən Kirovoqrad küçəsində qeydə alınıb. Yaralı şəhər xəstəxanalarından birinə çatdırılaraq zəruri tibbi yardımla təmin olunub.
Hadisə ilə əlaqədar qətlə cəhd faktı üzrə cinayət işi qaldırılıb. Təhqiqat Komitəsindən bildirilib ki, hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaq çərçivəsində müvafiq tibbi və partlayış-texniki ekspertizaların təyin olunacağı gözlənilir.
«İnterfaks», TASS və RİA Novosti agentliklərinin yaydığı məlumatlara görə, yaralanan şəxs Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun sabiq mətbuat katibi Zavorotnıdır. Lakin bu məlumat hələlik rəsmi olaraq Təhqiqat Komitəsinin açıqlamalarında təsdiqini tapmayıb, media qurumlarının yaydığı xəbərlərə istinadən verilib.
Mənbə: interfax.ru




