Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüş Türkmənistanda, MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş keçirib. Görüş Türkmənistanda, MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində baş tutub. Bu barədə APA.AZ agentliyi Rusiya Federasiya Şurasının yaydığı məlumata istinadən xəbər verib.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu və böyük inkişaf potensialı olduğunu qeyd ediblər. Söhbət zamanı parlament dialoqunun sonrakı inkişafı müzakirə olunub. Qeyd edilib ki, parlamentarilər ikitərəfli münasibətlərin bütün spektrinin möhkəmlənməsində rol oynayırlar, o cümlədən Rusiya ilə Azərbaycan regionları arasında əməkdaşlıqda.
Valentina Matviyenko bildirib: «Ölkələrimizin liderlərinin tapşırıqlarına əsaslanaraq, biz Azərbaycanla hərtərəfli əlaqələrin möhkəmlənməsinə sadiqik».
Federasiya Şurasının sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini Sankt-Peterburqda keçiriləcək XII Nevski Beynəlxalq Ekoloji Konqresi və Beşinci Avrasiya Qadınlar Forumunun tədbirlərində fəal iştirak etməyə dəvət edib. Bu tədbirlər gələn il Sankt-Peterburqda keçiriləcək.
Sahibə Qafarova ikitərəfli iqtisadi əməkdaşlığın artmasını, humanitar əlaqələrin inkişafını və parlamentlərarası və regionlararası qarşılıqlı fəaliyyətin gücləndirilməsini qeyd edib. O, həmçinin Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyası vasitəsilə əməkdaşlığın ardıcıl gücləndirilməsinin və gənc parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mənbə: apa.az





