Rumıniya sahilləri yaxınlığında gəmi qəzaya uğrayıb: Qara dənizdə türk dənizçiləri xilas edilib
Rumıniya sahillərinin yaxınlığında, Qara dənizdə gəmilərin toqquşması nəticəsində türk bayrağı altında üzən quru yük gəmisi batıb. Yeddi türk dənizçisi xilas edilib.

Rumıniya Daxili İşlər Nazirliyinin əməkdaşları Neptun kurort qəsəbəsi yaxınlığında Qara dənizdə xilasetmə əməliyyatı aparıb. Orada türk bayrağı altında üzən və üzərində yeddi türk dənizçisi olan «Ayaz Bey» quru yük gəmisi qəzaya uğrayıb.
Rumıniya DİN-in rəsmi məlumatına görə, təxminən 04:20-də (Bakı vaxtı ilə 06:20) «Ayaz Bey» quru yük gəmisi Antiqua və Barbuda bayrağı altında üzən «Mentor» gəmisi ilə toqquşub və beynəlxalq «Mayday» təhlükə siqnalı göndərib.
İlkin məlumatlara görə, iki türk gəmisi — «Ayaz Bey» və «Ramazan Bey» — zədələnmiş «Mentor» gəmisini Türkiyə tərəfə, Odessa limanına yaxın Ukrayna sularında yedəyə almağa çalışıb. Yedəyə alınan gəmidə heç bir ekipaj üzvü olmayıb.
Məlumata görə, gecə pis hava şəraitinə görə gəmilərin yedək kabelləri qırılıb. Sonradan onlar bərpa edilib, lakin «Ayaz Bey» gəmisi bu gəmi ilə toqquşub.
Xilasetmə əməliyyatında Rumıniya DİN-ə aid iki gəmi və Rumıniya Dəniz Xilasetmə Agentliyinə (ARSVOM) aid bir gəmi iştirak edib. Rumıniya DİN-in mətbuat xidmətinin məlumatına görə, ekipajın üç üzvü Niderlandın bayrağı altında olan «Odin» gəmisinə köçürülüb və Rumıniyanın Mangalia limanına çatdırılacaq. Daha dörd nəfər isə yardım lazım olmadığını bildirərək təxliyədən imtina edib. Rumıniya DİN-in məlumatına görə, «Ayaz Bey» gəmisi hazırda lövbərdədir.
Mənbə: oxu.az





