Tramp İlham Əliyevə TRIPP layihəsinin başlanmasında köməyinə görə təşəkkür edib
ABŞ prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki həyata keçirilməsi üçün şərait yaradılmasında köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə o, layihənin rəsmi başlanmasına həsr olunmuş videomüraciətində danışıb.

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə Vaşinqtonla birgə işdə və TRIPP layihəsinin praktiki həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında göstərdiyi həmrəyliyə görə təşəkkür edib. Bu fikirlər ABŞ liderinin layihənin rəsmi başlanmasına həsr olunmuş videomüraciətində səslənib.
Videomüraciətdə Donald Tramp həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə ABŞ ilə qurulan əməkdaşlığa görə minnətdarlığını bildirərək, baş verən proseslərin məhz onların səyləri nəticəsində mümkün olduğunu vurğulayıb. O, xüsusi olaraq hər iki liderin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini də qeyd edib.
ABŞ prezidenti regionda sülh gündəliyinin irəlilədilməsində, eləcə də Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin başa çatdırılmasında İlham Əliyev və Nikol Paşinyanın rolunu önə çəkib.
TRIPP layihəsinin praktiki icrasından danışan Tramp bildirib ki, layihə və onun inkişafı üçün yaradılacaq yeni şirkət yük və enerji daşımaları, həmçinin regionda sərnişin axınları üçün əlavə ticarət marşrutları açacaq. O, Birləşmiş Ştatların layihənin uğurla reallaşdırılmasına sadiq qaldığını da diqqətə çatdırıb.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Donald Trampla keçirilmiş üçtərəfli görüşdən sonra İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasına dair birgə bəyanat imzalayıblar. Layihə “Tramp marşrutu beynəlxalq sülh və rifah üçün” adlandırılıb.
Mənbə: trend.az





