Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun Bakı mərhələsi üçün bilet satışı başlayıb. Tamaşaçılar yarışları həm rəqəmsal, həm də kağız biletlərlə izləyə biləcəklər.

Üzgüçülük üzrə "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun 2026-cı il Bakı mərhələsi üçün biletlərin satışına başlanılıb. Yarışlar 1-3 oktyabr tarixlərində paytaxtdakı Su İdmanı Sarayında təşkil olunacaq.
Dünya Kubokunun Bakı mərhələsində dünyanın ən güclü üzgüçüləri müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar. Turnirdə Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi tanınmış idmançıların çıxışları nəzərdə tutulub.
Azarkeşlər biletləri iki formada – QR kod və ya kağız versiyada əldə edə bilərlər. Kağız biletlər şəhərdə fəaliyyət göstərən kassalardan satışa çıxarılıb.
QR formatında olan biletlər isə yalnız yarış günlərində aktivləşdiriləcək. Bu biletlərdən istifadə etmək üçün iTicket.az mobil tətbiqindəki şəxsi hesaba daxil olmaq tələb olunur.





