Bakı Mühəndislik Universitetinin ilk tələbə qrupu Pekin Kimya Texnologiyaları Universitetinə təhsil almağa yola düşüb
Bakı Mühəndislik Universitetinin 37 tələbəsi Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı üzrə təhsillərini davam etdirmək üçün Çin Xalq Respublikasına yola düşüb.

Bakı Mühəndislik Universitetinin (BMU) 37 tələbədən ibarət ilk qrupu təhsillərini davam etdirmək üçün Pekin Kimya Texnologiyaları Universitetinə (BUCT) yola düşüb. Səfər ali məktəblər tərəfindən 2025-ci ildə başladılan ikili diplom proqramının icrası çərçivəsində təşkil olunub.
Proqramın şərtlərinə əsasən, təhsil «2+2» modeli üzrə qurulub: tələbələr ilk iki ili BMU-da, 3-cü və 4-cü kursları isə BUCT-də oxuyurlar. 2026/2027-ci tədris ilindən etibarən tələbələrin Çin ali məktəbində seçdikləri ixtisaslar üzrə dərslərə başlayacaqları gözlənilir.
Layihə altı ixtisas istiqamətini əhatə edir: kimya mühəndisliyi, kompüter mühəndisliyi, maşınqayırma, kimya, biotexnologiya və biznesin idarə edilməsi. Bu, Azərbaycan və Çin ali təhsil müəssisələri arasında həyata keçirilən ilk bakalavr səviyyəli ikili diplom proqramıdır.
Təhsil müddətində tələbələr hər iki universitetin akademik resurslarından istifadə edərək, beynəlxalq mühitdə nəzəri və praktiki hazırlığı birləşdirirlər. Proqramı uğurla başa vuran məzunlar həm BMU, həm də BUCT-nin bakalavr diplomunu almaq hüququ qazanırlar.
Bu layihənin icrası Azərbaycan və Çin arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, habelə beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.
Mənbə: azertag.az





