Azərbaycanlı gənclər Çində keçirilən beynəlxalq ixtira sərgisində gümüş medal qazanıblar
Azərbaycanlı ixtiraçılar Xədicə Hüseynli və Murad Qaramollayev Çində keçirilən beynəlxalq sərgidə “GeoShield” və “RingXCare” layihələri ilə gümüş medallara layiq görülüblər.

Avqustun 21-dən 23-dək Çinin Quançjou şəhərində “Guangzhou International Exhibition of Inventions” (IEI) beynəlxalq ixtira sərgisi keçirilib. Tədbirdə Azərbaycanı təmsil edən gənc ixtiraçılar Xədicə Hüseynli və Murad Qaramollayev öz layihələri ilə uğur qazanıblar.
Xədicə Hüseynli və Murad Qaramollayevin təqdim etdikləri “GeoShield” və “RingXCare” layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Hər iki layihə sərginin yekunlarına əsasən gümüş medala layiq görülüb.
Qeyd edək ki, beynəlxalq sərgi innovasiya sahəsində geniş miqyaslı tədbirlərdən biri olub. Sərgidə 29 ölkədən 7 müxtəlif kateqoriya üzrə ümumilikdə 3700-dən çox yerli və beynəlxalq ixtira layihəsi nümayiş etdirilib.





