Qaçış hər kəs üçün uyğun deyil: Mütəxəssis alternativləri açıqladı
Ortoped Andrey Litvinenko üzmə, velosiped və piyada gəzintilərin qaçışın əks göstəriş olduğu şəxslər üçün əvəzedici ola biləcəyini bildirib. Mütəxəssis həmçinin qaçışın tövsiyə olunmadığı halları sadalayıb.

Yenilənib: Sentyabr 28, 2026 2:17 axşam
Ortoped Andrey Litvinenko bəzi insanlar üçün qaçışın uyğun olmadığını bildirib və onun əvəzinə piyada gəzinti, üzgüçülük və velosiped sürməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə üzgüçülük və velosiped bir çox hallarda təhlükəsiz fiziki fəaliyyət növləri hesab olunur. Piyada gəzinti isə daha yüngül və universal hərəkət olduğuna görə müxtəlif reabilitasiya proqramlarında istifadə edilir.
Litvinenko bildirib ki, artıq çəki və piylənmə problemi olan şəxslərə qaçış tövsiyə edilmir. Belə hallarda qaçışı uzunmüddətli piyada gəzintilərlə əvəz etmək mümkündür.
Qaçış dayaq-hərəkət sistemi və ürək-damar xəstəlikləri olan insanlar üçün də uyğun olmaya bilər. Yaxın vaxtlarda travma və ya əməliyyat keçirən şəxslərə də müəyyən müddət qaçmaq və tullanmaq məsləhət görülmür.
Mütəxəssis xüsusilə əməliyyatlardan sonra ehtiyatlı olmağın vacibliyini vurğulayıb. Qarın boşluğu əməliyyatlarından və yırtıqla bağlı müdaxilələrdən sonra qaçış qarın boşluğunda təzyiqi artıra və problemin yenidən yaranmasına səbəb ola bilər. Oynaqlara endoprotez qoyulduqdan sonra da qaçış tövsiyə edilmir.
Qaçışın əvəzinə isə üzgüçülük, velosiped, velotrenajor, piyada gəzinti və müalicəvi idman hərəkətləri seçilə bilər.
Mütəxəssis həmçinin məşqlərin fərdin sağlamlıq vəziyyətinə uyğun seçilməsinin vacib olduğunu qeyd edib.
Mənbə: ria.ru




