Belçika universitetləri hər il yüzlərlə azərbaycanlı tələbə qəbul edir – səfir
Azərbaycandakı Belçika səfiri Jülyen de Frepon deyib ki, Belçika universitetləri hər il onlarla, bəzən isə yüzlərlə azərbaycanlı tələbə qəbul edir. O, bunu Bakıda keçiriləcək Study in Europe Fair sərgisinə həsr olunmuş brifinqdə bildirib.

Belçika universitetləri hər il onlarla, bəzən isə yüzlərlə azərbaycanlı tələbə qəbul edir. Bunu Azərbaycandakı Belçika səfiri Jülyen de Frepon Bakıda keçiriləcək Study in Europe Fair sərgisinə həsr olunmuş brifinqdə bildirib.
Səfir qeyd edib ki, Belçika kiçik ölkədir, lakin güclü universitet sisteminə malikdir. O, KU Leuven, Gent Universiteti, Antverpen Universiteti və Brüssel Universitetində geniş ixtisas seçiminə, həmçinin təhsil və tədqiqat imkanlarına diqqət çəkib.
De Freponun sözlərinə görə, Azərbaycanda Belçika ali məktəblərinin məzunlarının fəal şəbəkəsi fəaliyyət göstərir və səfirlik onun fəaliyyətini dəstəkləyir.
«Belçikada təhsil sırf akademik imkanların çərçivəsindən kənara çıxan təcrübə verir. Biz çoxdilli və beynəlxalq mühit təklif edirik. Belçikada təhsil aldığınız müddətdə Avropa İttifaqının, NATO-nun və çoxsaylı beynəlxalq şirkət və təşkilatların institutlarının yanında olursunuz. Düşünürəm ki, bu, təhsil təcrübəsini zənginləşdirir», — deyə səfir bildirib.
O əlavə edib ki, Belçikanın yaxşı inkişaf etmiş nəqliyyat əlaqələri tələbələrə digər Avropa ölkələrinə asanlıqla səyahət etmək imkanı verir.
Səfir bildirib ki, Belçika səfirliyi sərgidə ölkənin təhsil imkanları haqqında məlumat təqdim edəcək. Tədbirdə UCLL University of Applied Sciences nümayəndələri şəxsən iştirak edəcək.
De Frepon azərbaycanlı gəncləri sərgini ziyarət etməyə və Belçikadakı təhsil imkanları haqqında məlumat almağa dəvət edib.
Mənbə: trend.az





