Belarus Milli Məclisi Rəyasət Heyətinin sədri Xankəndidə olub
Belarus Milli Məclisi Rəyasət Heyətinin sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndidə olub. Nümayəndə heyəti bərpa işlərinin gedişi ilə tanış olub, Zəfər parkını və Qarabağ Universitetini ziyarət edib.

Belarus Milli Məclisi Rəyasət Heyətinin sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.
Qonaqları Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Xocalı və Ağdərə üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, Xankəndi, Ağdərə və Xocalı rayonunda şəhərin tarixi və burada aparılan bərpa və tikinti işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Qeyd olunur ki, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin Xankəndi və Kərkicahan qəsəbəsinə qayıtması təmin edilir.
Bundan başqa, həmin rayonlarda yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahat yaşayış şəraitinin təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir.
İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndidə Zəfər parkını da ziyarət edib. Bundan sonra heyət üzvləri Qarabağ Universiteti ilə tanış olub, onlara ali məktəbin fəaliyyəti, tədris imkanları və azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı üzrə işlər barədə məlumat verilib.
Mənbə: apa.az





