İlham Əliyev və Mehriban Əliyeva Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan sərgi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və onların qızları Leyla Əliyeva və Arzu Əliyeva 27 oktyabrda Milli İncəsənət Muzeyində retrospektiv sərgiyə baxıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mənim Abşeronum: Üstə göl” retrospektiv sərgisinə baxıblar.
F4Media.az xəbər verir ki, sərgi xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunub. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından 90-dan çox əsər nümayiş olunur. 1960-cı illərdən başlayaraq müxtəlif dövrlərdə yaradılmış əsərlər monumental yağlı boya tablolarından kiçik qrafik işlərə qədər geniş yaradıcılıq diapazonunu əhatə edir.
Fərhad Xəlilovun yaradıcılığında Abşeronun təbiəti, dəniz mənzərələri, günəşin işığı və yarımadanın özünəməxsus atmosferi xüsusi yer tutur. Rəssam şəxsi müşahidə və təəssüratlarını rəng, işıq və kolorit vasitəsilə ifadə edərək Abşeron mənzərələrini fərqli bədii üslubda təqdim edir.
Onun əsərlərində realizmdən avanqard və abstrakt sənətə qədər müxtəlif yaradıcılıq yanaşmaları öz əksini tapır. Rəssamın qrafik işləri də onun forma və kompozisiya axtarışlarını, fərdi bədii dilinin inkişafını izləməyə imkan verir.
Retrospektiv sərgi Fərhad Xəlilovun uzun illəri əhatə edən yaradıcılıq yolunu, Abşeron mövzusuna fərdi münasibətini və Azərbaycan təsviri sənətinə verdiyi töhfələri nümayiş etdirir.
Mənbə: news.milli.az





