Dövlət Vergi Xidməti blogerlər üçün yeni fəaliyyət kodu tətbiq edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti influenserlərin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə uçot bazasına yeni fəaliyyət növü əlavə edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial media platformaları vasitəsilə gəlir əldə edən bloger və influenserlərin fəaliyyətinin rəsmiləşdirilməsi üçün yeni addım atıb. Qurumun uçot məlumatları bazasına "Rəqəmsal platforma təsirçisi" (6312003) adlı yeni fəaliyyət kodu əlavə olunub.
Yeni tətbiq edilən kod reklam, marketinq, məhsul və xidmətlərin tanıdılması, canlı yayımlar və digər rəqəmsal fəaliyyətlər hesabına qazanc əldə edən şəxslərin vahid sistemdə ayrıca uçota alınmasını təmin edəcək. Bu yenilik sözügedən sahədə fəaliyyətin daha şəffaf şəkildə tənzimlənməsinə xidmət edir.
Dövlət Vergi Xidməti bu sahədə çalışan vergi ödəyicilərinə qeydiyyat prosesi zamanı məhz bu yeni fəaliyyət kodunu seçməyi tövsiyə edib. Qurum həmçinin influenserləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirməyə çağırıb.





