WUF13-ün gənclərə qazandırdığı yeni təcrübə: Şəhərsalma ideyaları interaktiv sessiyalarda müzakirə olunub
Beynəlxalq tədbirlər yalnız keçirildiyi günlərlə deyil, iştirakçılara qazandırdığı yeni bilik, təcrübə və əlaqələrlə də əhəmiyyət daşıyır. Dünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində keçirilən interaktiv sessiyalar da gənclərin şəhərlərin gələcəyi ilə bağlı düşüncələrini inkişaf etdirməsinə və…

Beynəlxalq tədbirlər yalnız keçirildiyi günlərlə deyil, iştirakçılara qazandırdığı yeni bilik, təcrübə və əlaqələrlə də əhəmiyyət daşıyır. Dünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində keçirilən interaktiv sessiyalar da gənclərin şəhərlərin gələcəyi ilə bağlı düşüncələrini inkişaf etdirməsinə və beynəlxalq müzakirələrdə iştirak təcrübəsi qazanmasına imkan yaradıb.
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə WUF13-ün QHT Pavilyonunda keçirilən silsilə sessiyalarda yerli və beynəlxalq gənclər bir araya gəlib. Fəaliyyətlərin əsas istiqaməti daha yaşıl, əlçatan və dayanıqlı şəhərlərin formalaşdırılması ilə bağlı gənclərin bilik və ideyalarının inkişaf etdirilməsi olub.
Sessiyalar zamanı iştirakçılara “Introduction to Sustainable Cities” mövzusunda interaktiv təqdimat keçirilib, şəhərsalma və ekologiya ilə bağlı Kahoot viktorinası təşkil olunub. “Your Vision, Your City” layihəsi çərçivəsində isə gənclər öz ideal şəhər modellərini formalaşdıraraq gələcək şəhərlərlə bağlı baxışlarını bölüşüblər.
Bu fəaliyyətlər gənclərə yalnız şəhərsalma və dayanıqlı inkişaf mövzusunda yeni biliklər qazandırmayıb, eyni zamanda onların komanda işi, yaradıcı düşüncə, təqdimat və beynəlxalq ünsiyyət bacarıqlarının inkişafına şərait yaradıb.
WUF13 çərçivəsində əldə olunan bu təcrübə gənclərin şəhərlərin gələcəyi ilə bağlı müzakirələrdə daha fəal iştirak etməsi və öz ideyalarını beynəlxalq platformalarda ifadə etməsi baxımından əhəmiyyətli imkan yaradıb.





