Vedi Rayon Qadınlar Şurasının ilk iclası keçirilib
Tədbirdə Qayıdış Konsepsiyasının əsas prinsipləri və qadınların bu prosesdəki rolu, həmçinin gənc nəslin tarixi yaddaş ruhunda tərbiyəsi məsələləri müzakirə edilib.

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Vedi Rayon Qadınlar Şurasının ilk iclası baş tutub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi və Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Xəqani Səfərov çıxış edərək, İcmanın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını çatdırıb. Səfərov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının məqsədlərini izah edərək bildirib ki, sənəd indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıdışını təmin edəcək fəaliyyətlərin ümumi çərçivəsini müəyyən edir.
Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru və Vedi Rayon İcmasının qadınlarla iş üzrə məsul şəxsi Samirə İmanova qayıdış prosesində qadınların roluna dair məruzə ilə çıxış edib. O, ictimai fəallığın və maarifləndirmə işlərinin vacibliyini vurğulayaraq, Qadınlar Şurasının qarşısında duran əsas vəzifələri sadalayıb. İmanova qadınların təşkilatlanması, təşəbbüslərin dəstəklənməsi, gənc nəslin tarixi yaddaşla tərbiyəsi və qayıdış ideyasının beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.
İclasda Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, İcmanın Qadınlar Şurasının üzvü Validə Ələkbərli, İcmanın mətbuat katibi Lamiyə Rövşənqızı və 24 saylı 1-ci Nizami rayon Seçki Dairəsinin sədri Fəridə Rzayeva çıxış ediblər. Həmçinin Vedi rayon sakinləri, pedaqoqlar, elm və təhsil nümayəndələri, hüquqşünaslar və gənclər müzakirələrdə iştirak ediblər.
Çıxışlar zamanı qayıdış prosesinin Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasının bərpasını nəzərdə tutmalı olduğu vurğulanıb. Tədbir çərçivəsində qarşıda duran vəzifələr, yeni layihələrin hazırlanması və bir sıra təşəbbüslərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.







