Azərbaycan Romada FAST Tərəfdaşlığı görüşündə iqlim maliyyəsi və kənd təsərrüfatı məsələlərini müzakirə edib
Romada FAST Tərəfdaşlığının görüşündə iqlim maliyyəsi, dayanıqlı kənd təsərrüfatı və qadın fermerlərin dəstəklənməsi müzakirə olunub. Azərbaycan Bakı Harmoniya təşəbbüsünü təqdim edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı Baş Qərargahında Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) Tərəfdaşlığının üzvlərinin görüşü və İdarə Heyətinin iclası keçirilib. Üç gün davam edən tədbirdə iqlim maliyyəsinin səfərbər edilməsi, innovativ maliyyə həlləri, qadın fermerlərin dəstəklənməsi və tərəfdaşlığın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova Azərbaycanın FAST Tərəfdaşlığı və Bakı Harmoniya İqlim Təşəbbüsü üzrə əlaqələndiricisi kimi təqdimatla çıxış edib. Təqdimatda Harmoniya təşəbbüsünün FAST çərçivəsində rolu, Azərbaycanın iqlimədavamlı kənd təsərrüfatı prioritetləri və 2026–2030-cu illər üçün Dövlət Proqramının iqlim yönümlü yanaşması barədə məlumat verilib.
İkinci gün FAST Tərəfdaşlığının iş planı, maliyyəyə çıxış və siyasət dəstəyi üzrə tematik müzakirələr keçirilib. 2026-cı il Beynəlxalq Qadın Fermer İli çərçivəsində iqlim maliyyəsi üzrə dəyirmi masa təşkil olunub. COP31 və 2027-ci ildə keçiriləcək tədbirlər çərçivəsində tərəfdaşlığın iştirakı da müzakirə edilib.
Leyla Cabbarlı-Mitova Azərbaycanın qadın və gənc fermerlərin dəstəklənməsi, qadınların aqrar sektorda iqtisadi imkanlarının genişləndirilməsi, onların maliyyə və təlim imkanlarına, rəqəmsal və innovativ texnologiyalara çıxışının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Görüşlərin üçüncü günü karbon bazarları, innovativ iqlim maliyyəsi və keyfiyyətli maliyyə üzrə bilik mübadiləsi aparılıb. FAST Tərəfdaşlığının İdarə Heyətinin iclasında Azərbaycan həmsədr ölkə qismində iştirak edib. Leyla Cabbarlı-Mitova COP-dan COP-a əməkdaşlığın gücləndirilməsi, tərəfdaşlığın gələcək prioritetləri və üzvlər arasında bilik mübadiləsinin inkişafı ilə bağlı çıxış edib.
FAST Tərəfdaşlığı aqrar-ərzaq sistemlərinin iqlim dəyişmələrinə davamlı transformasiyasını sürətləndirmək və kənd təsərrüfatı üçün iqlim maliyyəsinin səfərbər edilməsini dəstəkləyən çoxtərəfli platformadır. Bakı Harmoniya İqlim Təşəbbüsü COP29 Sədrliyi çərçivəsində Azərbaycan tərəfindən irəli sürülüb və FAST Tərəfdaşlığının flaqman proqramlarından biri kimi qəbul edilib. Təşəbbüsün əsas məqsədi fermerlərin iqlim dəyişmələrinə qarşı dayanıqlığının gücləndirilməsi, iqlim maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi və qadın və gənc fermerlərin dəstəklənməsidir.











