Bakıda “AI4Real Bootcamp” süni intellekt üzrə intensiv proqramı başa çatıb
ADA Universiteti tərəfindən Azercell-in dəstəyi ilə təşkil olunan proqram süni intellekt sahəsində bacarıqların inkişafına və gənc mütəxəssislərin milli strategiyaya uyğun hazırlanmasına yönəlib.

Bakıda ADA Universitetinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb. Layihə Azərbaycan və xarici ölkələrin ali məktəblərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələr arasında böyük maraq doğurub. Seçim nəticələrinə görə, 14 müxtəlif universiteti təmsil edən 26 tələbə iştirak hüququ qazanıb.
Proqram müddətində iştirakçılar real biznes tapşırıqları üzərində işləyərək süni intellekt əsaslı həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sahə üzrə ekspertlərin iştirakı ilə keçirilib. Azercell-in Data Analitikası və Süni İntellekt Departamentinin rəhbəri Sabir Mərdanov iştirakçılarla telekommunikasiya sektorunda süni intellektin tətbiqi ilə bağlı praktiki nümunələri bölüşüb, bu texnologiyaların biznes üçün imkanları və üstünlükləri haqqında məlumat verib.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin dəvət olunmuş ekspertlər və universitetin professor-müəllim heyəti tələbələrlə müxtəlif sahələrdə süni intellekt həllərinin tətbiqini müzakirə ediblər. İntensiv kurs tələbələrə nəinki süni intellekt sahəsində biliklərini dərinləşdirməyə, həm də komanda işi, problem həlletmə və innovativ düşüncə bacarıqlarını inkişaf etdirməyə imkan verib.
Təlimin yekununda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Ən yaxşı nəticə göstərən beş tələbə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkil edəcəyi hakaton müsabiqəsində birbaşa iştirak hüququ qazanıb.
Bu təşəbbüs “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın prioritetlərinə uyğundur. Azercell süni intellekt əsaslı həllərin tətbiqini genişləndirməyə və bu sahədə lazımi praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin hazırlanmasına dəstək verməyə davam edir.
Mənbə: apa.az





