Dövlət məktəblərində şagirdlər üçün vahid geyim tələbləri təsdiq edildi
Azərbaycan Respublikası Nazirlər Kabineti 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim ilə bağlı Tələblər"i təsdiq edib. Sənəd "Ümumi təhsil haqqında" Qanunun 12.13-cü maddəsinin ikinci cümləsinə əsasən hazırlanıb və xüsusi…

Azərbaycan Respublikası Nazirlər Kabineti 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim ilə bağlı Tələblər"i təsdiq edib. Sənəd "Ümumi təhsil haqqında" Qanunun 12.13-cü maddəsinin ikinci cümləsinə əsasən hazırlanıb və xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinə də şamil olunur.
Tələblərin məqsədi şagirdlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır. Şagirdlər məktəbdə, habelə məktəbin təşkil etdiyi məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu qaydalara əməl etməlidirlər. Qaydalara riayət olunmasına məktəbin rəhbərliyi nəzarət edir, bununla bağlı məsələləri isə məktəbin Pedaqoji Şurası həll edir.
Qərara əsasən, şagirdlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Bədən tərbiyəsi, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya dərslərində isə tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyim istisna olunmur. Geyimin ölçüsü və forması şagirdin təhsil fəaliyyətinin icrasına mane olmamalıdır.
Oğlanlar üçün sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar), uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, damalı klassik köynək və klassik ayaqqabı nəzərdə tutulub. İstəyə görə köynəyin üstündən klassik üslubda sviter, pulover və ya jilet geyinilə bilər.
Qızlar üçün sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək, yaxud pencək və don), diz səviyyəsində və ya dizdən aşağı olan ətək və ya don, uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, damalı klassik köynək və ya kofta, habelə klassik ayaqqabı müəyyən edilib.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə mümkündür. Geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.





