19 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8681-0.0026TRY 0.03370100×RUB 2.0687+0.0081
media.az
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti geosiyasi gərginlik fonunda artır

Yaxın Şərqdə münaqişənin eskalasiyası və Hörmüz boğazında gəmiçiliklə bağlı qeyri-müəyyənlik fonunda neft kotirovkaları həftə ərzində əhəmiyyətli artım nümayiş etdirib.

Mətn ölçüsü
Dənizdə neft tankeri
İqtisadiyyat — F4Media

Yaxın Şərqdə hərbi əməliyyatların bərpası və Hörmüz boğazı vasitəsilə tədarüklərin sabitliyi ilə bağlı narahatlıqlar fonunda dünya bazarında enerji daşıyıcılarının qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Həftənin yekunlarına görə, neftin qiyməti təxminən 10% artım nümayiş etdirə bilər.

Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında (CIF bazisi) qiyməti 3,02 dollar (2,96%) artaraq bir barel üçün 104,98 dollar təşkil edib. Türkiyənin Ceyhan limanında (FOB bazisi) isə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,98 dollar (3%) artaraq 102,19 dollara çatıb.

Qiymət dinamikası digər markalara da təsir edib: Rusiyanın "Urals" neftinin qiyməti 3,33 dollar (4,41%) artaraq bir barel üçün 78,81 dollara yüksəlib. Şimal dənizinin "Dated Brent" markalı nefti isə 3,2 dollar (3,25%) bahalaşaraq 101,69 dollara çatıb.

ABŞ-ın İrana qarşı yeni zərbələr endirməsi və Tehranın buna cavab olaraq Hörmüz boğazındakı Amerika bazaları və gəmilərinə hədə-qorxu gəlməsi ilə regionda vəziyyət gərginləşib. Çərşənbə günü boğazdan altı yük gəmisi keçib ki, bu da son 10 gündəki orta göstərici olan 13 gəmidən xeyli aşağıdır.

Analitiklər qeyd edirlər ki, Yaxın Şərq və Rusiyadakı neft emalı zavodlarına dəyən ziyan, eləcə də digər regionların çatışmazlığı kompensasiya etmək imkanlarının məhdudluğu qlobal yanacaq qiymətlərini gələn ilə qədər yüksək səviyyədə saxlaya bilər. ABŞ-da dizel yanacağının qiyməti 2022-ci ilin ortalarından bəri ən yüksək həddə çatıb, Avropada isə yanacaq ehtiyatları mövsümi normalardan xeyli aşağı olaraq qalır.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulub.

Paylaş

Oxşar materiallar

Hamısına bax