Fərid Mustafayev: Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi üçün böyük imkanlar var
F-Holdingin təsisçisi, investor və iş adamı Fərid Mustafayev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı FMedia.az-a açıqlamasında Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi perspektivlərini dəyərləndirib. O, iki qardaş ölkə arasında formalaşmış yüksək siyasi etimadın…

F-Holding-in təsisçisi, investor və iş adamı Fərid Mustafayev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı F4Media.az-a açıqlamasında Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi perspektivlərini dəyərləndirib. O, iki qardaş ölkə arasında formalaşmış yüksək siyasi etimadın iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm baza yaratdığını bildirib.
Fərid Mustafayev hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi baxımdan yeni mərhələyə keçməsi üçün mühüm imkanlar yaradır.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında son illərdə formalaşan yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradıb.
“Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün strateji xarakter daşıyır. Ən vacib məqam isə budur ki, siyasi iradə artıq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar formalaşdırır. Qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının inkişaf etdirilməsi və özəl sektorun əlaqələrinin genişləndirilməsi qarşıdakı dövrdə əsas istiqamətlərdən ola bilər”, – deyə Fərid Mustafayev bildirib.
İnvestorun fikrincə, Azərbaycan və Özbəkistanın iqtisadi imkanlarının bir-birini tamamlaması iki ölkə arasında yeni biznes modellərinin qurulmasına şərait yaradır.
O qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi, Özbəkistanın isə Mərkəzi Asiyanın aparıcı iqtisadi mərkəzlərindən biri olması qarşılıqlı investisiyalar üçün əlavə üstünlüklər yaradır.
“İnvestor üçün yalnız bir ölkənin daxili bazarı deyil, həmin ölkənin regional imkanları da vacibdir. Azərbaycan Cənubi Qafqaz və Avropa istiqamətində, Özbəkistan isə Mərkəzi Asiya bazarlarına çıxış baxımından mühüm mövqeyə malikdir. Bu iki imkanın birləşdirilməsi şirkətlər üçün daha geniş regional biznes perspektivi yarada bilər”, – deyə F.Holding-in təsisçisi vurğulayıb.
Fərid Mustafayev Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyaların artırılmasını xüsusilə vacib hesab edir.
Onun sözlərinə görə, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin genişləndirilməsi, biznes forumlarının və investisiya platformalarının sayının artırılması, həmçinin konkret layihələr üzrə birgə fəaliyyətin təşviqi iqtisadi əlaqələrin daha sürətli inkişafına səbəb ola bilər.
“Dövlətlərarası münasibətlər biznes üçün imkan yaradır, amma həmin imkanların real iqtisadi nəticəyə çevrilməsində özəl sektorun rolu böyükdür. Azərbaycan və Özbəkistan şirkətləri bir-birinin bazarını daha yaxından öyrənməli, birgə layihələr hazırlamalı və uzunmüddətli tərəfdaşlıqlar qurmalıdırlar”, – deyə investor qeyd edib.
İş adamı sənaye sahəsində əməkdaşlığın genişləndirilməsini də perspektivli istiqamət kimi qiymətləndirib.
Fərid Mustafayevin fikrincə, gələcəkdə Azərbaycan və Özbəkistan arasında yalnız hazır məhsulların ticarətinin deyil, birgə istehsalın və sənaye kooperasiyasının inkişaf etdirilməsi daha böyük iqtisadi səmərə verə bilər.
“Birgə istehsal müəssisələrinin yaradılması iki ölkənin iqtisadi potensialının daha effektiv birləşdirilməsinə imkan verər. Burada həm investisiya, həm texnologiya, həm də regional bazarlara çıxış baxımından ciddi perspektivlər var.
Əsas məqsəd ticarət əlaqələrini investisiya və istehsal əməkdaşlığı ilə daha da dərinləşdirmək olmalıdır”, – deyə Fərid Mustafayev bildirib.
O, nəqliyyat və logistika sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İnvestor hesab edir ki, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi potensialının birləşdirilməsi yeni ticarət və logistika imkanları yarada bilər.
“Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin genişlənməsi üçün mühüm fürsətdir.
Azərbaycanın nəqliyyat infrastrukturu və Özbəkistanın regional iqtisadi mövqeyi bir-birini tamamlayır. Bu istiqamətdə yeni logistika mərkəzlərinin, anbar və nəqliyyat xidmətlərinin, eləcə də əlaqəli biznes sahələrinin inkişafı üçün imkanlar kifayət qədər genişdir”, – deyə o bildirib.
Fərid Mustafayev enerji, kənd təsərrüfatı, tikinti, turizm, rəqəmsal texnologiyalar və xidmət sektorunda da əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, xüsusilə texnologiya və rəqəmsallaşma sahəsində birgə layihələrin həyata keçirilməsi gələcək iqtisadi əməkdaşlığın yeni istiqamətlərindən birinə çevrilə bilər.
“İqtisadi əməkdaşlıq artıq yalnız ənənəvi sahələrlə məhdudlaşmamalıdır. Yeni texnologiyalar, rəqəmsal xidmətlər, innovasiya və yüksək əlavə dəyər yaradan sahələr gələcəyin iqtisadiyyatının əsas istiqamətləridir. Azərbaycan və Özbəkistanın bu sahələrdə də birgə layihələr həyata keçirmək üçün potensialı var”, – deyə investor qeyd edib.
Fərid Mustafayev mədəni və humanitar əlaqələrin iqtisadi münasibətlərə də müsbət təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi, mədəni və mənəvi yaxınlıq biznes münasibətlərində qarşılıqlı etimadın formalaşması üçün mühüm üstünlükdür.
“İki ölkə arasında iqtisadi münasibətlərin ən böyük üstünlüklərindən biri xalqlarımız arasında mövcud olan qardaşlıq və qarşılıqlı etimaddır. Bu, biznes tərəfdaşlığı üçün də mühüm amildir. İnsanların və biznes nümayəndələrinin bir-birini daha yaxından tanıması iqtisadi əlaqələrin uzunmüddətli və dayanıqlı olmasına xidmət edir”, – deyə o bildirib.
F.Holding-in təsisçisi Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində aparılan müzakirələrin və əldə olunan razılaşmaların qarşıdakı dövrdə konkret iqtisadi layihələrlə tamamlanacağına inandığını bildirib.
“Bu səfərə yalnız siyasi hadisə kimi baxmaq düzgün olmaz. Burada iqtisadi baxımdan da çox ciddi perspektivlər var. Qarşıda yeni investisiya layihələri, birgə müəssisələr, ticarət imkanları və regional əməkdaşlıq formatları üçün geniş meydan açılır. Əsas məsələ əldə olunan siyasi razılaşmaları real biznes layihələrinə çevirməkdir”, – deyə Fərid Mustafayev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişafı yalnız iki ölkənin biznes dairələri üçün deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyası baxımından əhəmiyyətlidir.
“Azərbaycan və Özbəkistanın iqtisadi potensialını birləşdirmək daha böyük regional iqtisadi imkanlar yarada bilər. Mən hesab edirəm ki, bu münasibətlərə yalnız bu günün perspektivi kimi deyil, gələcək onilliklərin iqtisadi tərəfdaşlığı kimi baxmalıyıq. Qardaşlıq üzərində qurulan siyasi münasibətlər artıq güclü iqtisadi tərəfdaşlığa çevrilmək üçün bütün əsaslara malikdir”, – deyə investor fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23–24-də baş tutub. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında görüşlər keçirilib, müxtəlif sənədlər imzalanıb, həmçinin Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlqoyma mərasimi keçirilib.



