Gref: süni intellekt insanın daxili vəziyyətini anlaya bilmir
Sberbankın başçısı German Qref bildirib ki, ruhi vəziyyətlə bağlı məsələlərdə insana müraciət etmək daha yaxşıdır, süni intellektə yox. Onun sözlərinə görə, süni intellekt qeyri-verbal əlamətləri başa düşmür.

“Sberbank”ın rəhbəri German Qref hesab edir ki, insanın daxili vəziyyətini və emosiyalarını anlamaq üçün bəzi hallarda süni intellektə deyil, insana müraciət etmək daha məqsədəuyğundur.
Qref bu fikirləri təhsil və inkişaf mövzusuna həsr olunmuş “Sberuniversitet” konfransında səsləndirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Qrefin sözlərinə görə, insan özünü ruhdan düşmüş hiss etdikdə və ya motivasiyasını itirdikdə ilk növbədə süni intellektlə deyil, başqa bir insanla danışmağa üstünlük verə bilər.
O bildirib ki, belə vəziyyətlərdə insanın emosional durumunu anlamaq üçün təkcə deyilən sözlər kifayət etmir. Ünsiyyət zamanı jestlər, mimika və digər qeyri-verbal siqnallar da mühüm rol oynayır. Qrefin fikrincə, təcrübəli insan bu işarələri hiss edib vəziyyəti daha yaxşı anlaya bilər, süni intellekt isə onları tam şəkildə dərk etməkdə çətinlik çəkir.
Süni intellektin yarada biləcəyi risklərdən də danışan Qref bildirib ki, hazırda əsas təhlükə texnologiyanın özündən daha çox onun insanlar tərəfindən hansı məqsədlərlə istifadə olunması ilə bağlıdır.
Onun sözlərinə görə, süni intellekt mənfi niyyətlər üçün istifadə edildikdə təhlükəli vasitəyə çevrilə bilər. Qref bu səbəbdən insanların süni intellektin özündən deyil, ondan daha sürətlə və zərərli məqsədlərlə istifadə edə bilən şəxslərdən ehtiyat etməli olduğunu vurğulayıb.
Mənbə: ria.ru





