İsrail və Yunanıstan 3 milyard avroluq müdafiə müqaviləsi imzalayıb
İsrail ikitərəfli münasibətlər tarixində ən böyük müdafiə sazişi çərçivəsində Yunanıstana "David's Sling", "SPYDER" və "BARAK MX" sistemlərini tədarük edəcək.

İsrail Müdafiə Nazirliyi Yunanıstanla çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin yaradılmasına yönəlmiş genişmiqyaslı sazişin imzalandığını elan edib. "Axilles qalxanı" adlandırılan müqavilənin dəyəri 3 milyard avro təşkil edir. Sənəd Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras tərəfindən imzalanıb.
Sövdələşmənin şərtlərinə əsasən, Yunanıstan "Rafael" şirkətinin istehsalı olan "David's Sling" və "SPYDER", həmçinin "Israel Aerospace Industries" şirkətinin "BARAK MX" sistemlərini özündə birləşdirən kompleks müdafiə sistemi alacaq. Bu, İsrailin ballistik raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla geniş spektrli təhdidlərə qarşı dura bilən tam bir müdafiə kompleksini başqa bir ölkəyə tədarük etdiyi ilk haldır.
İsrailin müdafiə idarəsində vurğulayıblar ki, layihə İsrail qüvvələrinin hazırkı hərbi əməliyyatlar zamanı əldə etdiyi operativ təcrübəyə əsaslanır. Əsas sistemdən əlavə, tərəflər "Drone Dome" dronlarla mübarizə sistemlərinin tədarükünü nəzərdə tutan 26 milyon avro dəyərində əlavə saziş də imzalayıblar.
Hazır avadanlıqların tədarükü ilə yanaşı, saziş texnologiya və biliklərin yunan müəssisələrinə ötürülməsi də daxil olmaqla sənaye əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Nazirlik qeyd edib ki, bu sövdələşmə iki ölkə arasında müdafiə ixracı tarixində ən böyükdür və Yunanıstanın Şərqi Aralıq dənizində İsrailin strateji tərəfdaşı statusunu təsdiqləyir.
Mənbə: report.az





