28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9357+0.0028TRY 0.03470100×RUB 2.0145+0.0145
media.az
Azərbaycan

Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankı Qrupunun qiymətləndirmə missiyası ilə görüşdə yeni layihə imkanları və rəqəmsal kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Mətn ölçüsü
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüş
Azərbaycan — F4Media

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İslam İnkişaf Bankı (İİB) Qrupunun ölkə üzrə əməliyyatlar meneceri və qiymətləndirmə missiyasının rəhbəri Muhammad Sulaiman ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyası üzrə təklif olunan strateji istiqamətlər, ilkin missiyanın nəticələri və aqrar sahədə potensial layihələr portfeli müzakirə edilib.

İlhamə Qədimova İslam İnkişaf Bankı ilə uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirərək, bu missiyanın əməkdaşlığın yeni layihə və təşəbbüslərlə genişləndirilməsi baxımından önəmini vurğulayıb. Nazir müavini Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsini uğurlu tərəfdaşlıq nümunəsi kimi göstərib. Qeyd olunub ki, sözügedən layihə kənd yerlərində gəlirlərin artırılmasına, infrastrukturun bərpasına, habelə suvarma və drenaj xidmətlərinin yaxşılaşdırılmasına töhfə verib.

Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sektorun növbəti illərdəki inkişaf prioritetlərini müəyyən etdiyini diqqətə çatdırıb. O, İİB ilə iqlimə davamlı kənd təsərrüfatı, müasir suvarma və su ehtiyatlarından səmərəli istifadə, maliyyələşdirmə və risklərin idarə olunması, rəqəmsal texnologiyalar və süni intellekt, dəyər zəncirinin inkişafı, emal və soyuq zəncir infrastrukturu, heyvandarlıq, balıqçılıq, akvakultura, eləcə də aqrar tədqiqat və təhsil istiqamətlərində geniş əməkdaşlıq potensialının olduğunu bildirib.

İİB Qrupunun missiya rəhbəri Muhammad Sulaiman Azərbaycanın kənd təsərrüfatında tətbiq etdiyi süni intellekt və innovativ həlləri yüksək qiymətləndirdiyini qeyd edib. O, bu təcrübənin bankın digər üzv ölkələrində də tətbiqinin əhəmiyyətini vurğulayıb və tərəfdaşlıq çərçivəsində yeni layihələrin hazırlanmasını təklif edib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətlərinin və potensial layihələrin dəqiqləşdirilməsi məqsədilə fikir mübadiləsini davam etdiriblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax