Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli ləvazimatları təqdim edilib
15 Sentyabr – Bilik Günü ərəfəsində Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib.

15 Sentyabr – Bilik Günü ərəfəsində Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib.
F4media.az xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində keçirilən görüşdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid və qazi övladları, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Ramilə Seyidova uşaqları Bilik Günü münasibətilə təbrik edib. O, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, təhsilə çıxış imkanlarının genişləndirilməsi və hərtərəfli inkişafının təmin olunması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev isə uşaqlara sosial dəstəyin qurumun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Bildirilib ki, ötən dövr ərzində 2119 şəhid və qazi övladına, sosial qayğıya ehtiyacı olan uşaqlara, həmçinin internat məktəbində təhsil alan 214 şagirdə məktəbli geyimi, dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda, 613 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün Ağbulaq İstirahət Mərkəzində istirahət və yay düşərgələri təşkil edilib.
Bu dəfə isə 50 uşağa məktəbli geyimləri təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev uşaqların keyfiyyətli və əlçatan təhsilə cəlb olunmasının diqqətdə saxlanıldığını bildirib. O, yeni tədris ili münasibətilə şagird və tələbələrə uğurlar arzulayıb.
Görüşün sonunda uşaqlara məktəbli geyimi, çanta, ayaqqabı və digər hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Naxçıvanın digər rayonlarında da analoji görüşlər keçirilib. Ümumilikdə xüsusi kateqoriyadan olan 115 uşağa məktəbli geyimi, çanta və ayaqqabı təqdim edilib.











