Qarabağ gəncləri Şəmkir Aqroparkında müasir kənd təsərrüfatı ilə tanış olublar
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici fəaliyyət…

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici fəaliyyət təşkil olunub.
Layihə iştirakçıları iqtisadi maarifləndirmə proqramı çərçivəsində Şəmkir Aqroparkına ekskursiya ediblər.
Səfər zamanı gənclərə aqroparkın fəaliyyəti, müasir kənd təsərrüfatı, aqrar biznesin idarə olunması və bu sahədə tətbiq olunan yeni texnologiyalar barədə məlumat verilib.
İştirakçılar müasir istixana kompleksləri, logistika və çeşidləmə mərkəzləri ilə tanış olublar. Gənclər həmçinin avtomatlaşdırılmış suvarma və idarəetmə sistemlərinin iş prinsipi ilə yerində tanış olmaq imkanı əldə ediblər.
Ekskursiya zamanı aqrar sahədə sahibkarlıq imkanları, müasir kənd təsərrüfatı texnologiyalarının istehsala təsiri və regionların iqtisadi potensialından səmərəli istifadə məsələləri barədə fikir mübadiləsi aparılıb.
Təşkil olunan səfərin əsas məqsədi gənclərin iqtisadi və praktiki biliklərini artırmaq, onları regionlarda mövcud sahibkarlıq imkanları ilə tanış etmək və aqrar sahədə yeni biznes imkanları barədə məlumatlandırmaq olub.





