Azərbaycan nümayəndə heyəti Çində müasir pambıqçılıq texnologiyalarını öyrənib
Azərbaycanın kənd təsərrüfatı üzrə nümayəndə heyəti Çində pambıqçılıqda tətbiq olunan müasir əkin, suvarma və avtomatlaşdırılmış məhsul yığımı texnologiyaları ilə tanış olub. Səfər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin…

Azərbaycanın kənd təsərrüfatı üzrə nümayəndə heyəti Çində pambıqçılıqda tətbiq olunan müasir əkin, suvarma və avtomatlaşdırılmış məhsul yığımı texnologiyaları ilə tanış olub.
Səfər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış “Buğda-Pambıq İcra qrupu”nun fəaliyyəti çərçivəsində təşkil olunub.
Nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, baş məsləhətçilər İzzət Talıbov və Zaur Abbasov daxil olub.
Çin pambıqçılığının müasir modeli öyrənilib
Səfər çərçivəsində Sincan Uyğur Muxtar Rayonunun Korla şəhərində fəaliyyət göstərən “Xinjiang Seed Industry Co., Ltd.” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə pambıqçılıqda müasir texnologiyaların tətbiqi, yeni sortların yaradılması, səmərəli suvarma sistemləri və məhsul yığımının mexanikləşdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti şirkətin pambıq əkin sahələrinə və yeni sortların nümayiş olunduğu sahələrə baxış keçirib. Burada tətbiq olunan müasir əkin və damcı suvarma texnologiyaları, bitkilərin inkişaf göstəriciləri və məhsuldarlığın artırılması üçün istifadə olunan aqrotexniki yanaşmalar barədə məlumat verilib.
Çində pambıq istehsalında zərərvericilərə və xəstəliklərə davamlı sortlardan istifadə, su resurslarının daha səmərəli idarə olunması və məhsul yığımının müasir pambıqyığan kombaynlarla həyata keçirilməsi xüsusi diqqət çəkib.
Mexanikləşdirilmiş yığımın əmək məhsuldarlığının artırılmasına, istehsal xərclərinin optimallaşdırılmasına və tədarük prosesinin sürətləndirilməsinə imkan verdiyi bildirilib.
Toxumçuluq və rəqəmsal kənd təsərrüfatı da diqqətdə olub
Səfərin növbəti ünvanı Hunan vilayətinin Çangşa şəhərində yerləşən “Longping High-Tech Park” olub.
Nümayəndə heyəti burada toxumçuluq, yeni sortların yaradılması, molekulyar seleksiya və genetik tədqiqatlar, hibrid düyü, qarğıdalı və tərəvəz toxumlarının istehsalı ilə bağlı fəaliyyətlərlə tanış olub.
Bundan başqa, rəqəmsal kənd təsərrüfatı və ağıllı əkinçilik texnologiyaları, aqrokimyəvi məhsullar və bitki qidalanması sahəsində tətbiq olunan innovativ yanaşmalar barədə məlumat əldə edilib.
Parkda keçirilən görüşlər zamanı aqrar sahə üzrə mütəxəssislərlə fikir mübadiləsi aparılıb, çəltik və yeni sortların nümayiş sahələrinə baxış keçirilib.
Səfər çərçivəsində Çin təcrübəsinin xüsusilə məhsuldarlığın artırılması, su və torpaq resurslarından səmərəli istifadə, müasir toxumçuluğun inkişafı, istehsal xərclərinin azaldılması və kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətlərində öyrənilməsinə diqqət yetirilib.
Çin təcrübəsinin Azərbaycanda kənd təsərrüfatının, xüsusilə pambıqçılıq və toxumçuluğun inkişafında müasir texnologiyaların tətbiqi baxımından faydalı ola biləcəyi qeyd olunur.












